|
|
|
|

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 2021-ci ilin birinci yarımilinin son Elmi şurası keçirilib. İclasda şuranın üzvləri, İnstitutun ayrı-ayrı şöbələrinin müdirləri iştirak ediblər.
Elmi şuranı AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq gündəlikdəki məsələlərlə iştirakçıları tanış edib. Bildirib ki, bugünkü elmi şurada Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 2021-ci il üçün yarımillik hesabat dinləniləcək. Akademik İsa Həbibbəyli əlavə edib ki, artıq "Azərbaycan ədəbiyyatı tarixi" on cildliyinin dördüncü cildi nəşr edilib, bundan başqa, Türkiyədə yayımlanan "Qardaş qələmlər" dərgisinin bir sayı Nizami Gəncəviyə həsr olunub.
Sonra Ədəbiyyat nəzəriyyəsi şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, dosent, bu günlərdə dünyasını dəyişmiş Məhəmmədəli Mustafayevin xatirəsi yad edilib.
İnstitutun əməkdaşlarından filologiya üzrə fəlsəfə doktoru, dosent Çingiz Sadıqoğluna 90, Ofeliya İsmayılovaya 80 illik yubileyləri münasibətilə Fəxri fərman verilib.
Gündəlikdəki məsələlərdən "Qarabağ Zəfərinin ildönümünün qeyd olunmasına hazırlıq" və "Görkəmli ədəbiyyatşünas alim, AMEA-nın müxbir üzvü Abbas Zamanovun 110 illik yubileyinin qeyd edilməsi" haqqında məsələlər müzakirə olunub.
İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli "Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 2021-ci il üzrə yarımillik elmi hesabatı"nı iştirakçıların diqqətinə çatdırıb. O qeyd edib ki, 2021-ci ilin I yarısının ölkəmizdə və dünyada pandemiya dövrü olmasına baxmayaraq, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu üçün elmi nailiyyətlərin əldə edilməsi baxımından əhəmiyyətli olub. Elmi katib Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının icrası ilə bağlı tapşırıqların yerinə yetirilməsi haqqında da məlumat verib. Həmçinin, keçirilmiş tədbirlər, nəşr olunmuş kitablar, elmi tədqiqat işləri, elektron elmin vəziyyəti, institutun nəşriyyat fəaliyyəti, elmi məqalələr, o cümlədən, xaricdə çap olunmuş məqalələr, institut tərəfindən keçirilmiş konfranslar, sessiyalar, seminarlar və yubileylər və s. haqqında ətraflı məruzə edib.
Sonda Beynəlxalq əlaqələr şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Xanım Zairova "İnstitutun Beynəlxalq əlaqələr üzrə fəaliyyətinin 2021-ci il üzrə yarımillik hesabatı"nı təqdim edib.



