
Əfqanıstan torpaqlarında sabitlik və əmin-amanlıq inkişaf eləmiş dövlətlərdəki insan hüquqlarının pozulması kimidir, ikisinə də bu vaxta qədər çox az rast gəlmişik. Bu ölkənin hər daşında, torpağında böyük güclərin körüklədiyi dini qruplaşmaların vəhşətinin izləri var. Qan, göz yaşı, ölüm ölkənin dəyişilməsi xüsusiyyətinə çevrilib. Bu faciələri ortaya çıxaran ən böyük səbəb təhsilin yox səviyyəsində olması, dini fanatizmin və radikallığın kəskin şəkildə əfqan cəmiyyətinə sirayət etməsidir. Təhsilin yox səviyyəsinə düşməsi məhz basqın dini xurafata dayanan yanaşmadan doğulub. Əksər din məhvərli ölkələr tam olaraq Əfqanıstanın vəziyyətinə düşməsələr də, müasir dünyaya inteqrasiya etməkdə çətinlik çəkirlər.
Çünki müasir dövrə orta əsrlərin dini yanaşmasını montaj eləmək olmaz. Etdikdə isə ölkədə sivil dünyayla uzlaşmayan mühit yaranır, dini kimliyindən aslı olmayaraq hər kəsin hüquqları məhdudlaşır, tolerantlıq aradan qalxır. Bu qəbildən olan əksər ölkələrdə demokratik durum istənilən vəziyyətdə olmur. Demokratik vəziyyəti qeyri-qənaətbəxş ölkələrdə iqtisadi vəziyyətin yaxşı səviyyədə olması çox nadir hallarda mümkündür. Belə aşağı sinif ölkələrin vətəndaşları bir çox mənfi hallara görə günahlandırdıqları Qərb ölkələrinə üz tuturlar. Kasıb və radikal dini dövlətlərin vətəndaşlarının sığındığı həmin Avropa dövlətləri də bu mərhələni zamanında bu və ya digər şəkildə atladıb. Bu da Avropada renessans dövründən sonra sekulyarizm anlayışı meydana çıxdıqdan (XIII-XV əsrlər) sonra baş tutdu. Məhz Avropa dövlətləri bundan sonra dini mahiyyətlərini dəyişib dünyəvi mərhələyə keçdi. İnkişaf etmiş Avropa dövlətləri həmin islahatların meyvəsidir. Amma Əfqanıstan heç bir İslam dövləti ilə müqayisə edilə bilməz. Əvvəldə də qeyd edildiyi kimi, ölümlər, qan, göz yaşı Əfqanıstanın dəyişilməz xüsusiyyətlərinə çevrilib. Əfqanıstanda dini meyillər hər zaman güclü olub. Məhz buna görə idi ki, xalq ingilislərlə mübarizədə müstəqilliyin əldə edilməsində böyük əməyi olan ölkənin ilk rəhbəri Emanullaxan və ondan sonra hakimiyyətə gələn Zahir şahın müsbət islahatlarına xoş reaksiya göstərmədi. Xüsusən də qadınlara verilən azadlıqlar dindar kəsimin ürəyincə deyildi. 1973-cü il avqustun 24-ü Zahir şah devrildi və İtaliyaya sürgün edildi. Əfqanıstanın qaranlıq günləri də bundan sonra başladı. Şahın gedişindən sonra 1973-1978-ci illəri əhatə edən cümhuriyyət quruldu. 5 illik hökumətin devrilməsindən sonra, sosialist Əfqanıstan hökuməti yaradıldı. Sosialist hökuməti qəbul etməyən xalq hökumətə qarşı çıxmağa başladı. Sovet imperiyasının Əfqanıstana müdaxiləsi də bu üsyandan sonra oldu. İmperiyanın müdaxiləsi Əfqanıstanda daxili qarışıqlığa gətirib çıxartdı. Sovet imperiyasıyla mübarizədə ən fəal tərəf şəriətçi mücahid qrupu idi. Sonralar Əfqanıstanın bəlasına çevriləcək Taliban da bu qrupun örnəyində yaranacaqdı. Mücahidlərin mübarizəsi 1989-da qələbə ilə yekunlaşdı. Sovet əsgərləri Əfqanıstanı tərk etdi. 1979-1989-cu illəri əhatə eləyən işğalçılıq dönəmi Sovet imperiyasına minlərlə əsgər itkisindən başqa heç nə qazandırmadı. İmperiyanın çöküşünün önəmli səbəblərindən biri də məhz Əfqanıstana edilən müdaxilə idi.
Ruslar ölkədən gedəndən sonra bəs nə oldu? 1996-cı ilə qədər ölkədə mücahid qruplar arasında baş verən çəkişmələr Əfqanıstanda gərginliyin təzyiqini artırırdı. Daxili müharibədə 1 milyon əfqan həyatını itirdi. Bu çarpışmadan Taliban qalib çıxdı. Qalibiyyətin ən önəmli səbəbi Səudiyyə Ərəbistanı, Pakistan, Amerika kimi ölkələrin Talibana yardım etməsidir. Öncə əhalinin xilaskarı kimi görünən taliblər, 1996-ci ildə hakimiyyətini rəsmiləşdirdikdən sonra daha da qəddarlaşmağa başladılar. Qadınların təməl hüquqlarından tutmuş, ən ali hüquqlarına qədər məhdudlaşdırıldı. Media qadağan edildi, təhsildə böyük maneələr yaradıldı, hətta avtomobil stereo aparatları belə maşınlardan sökdürülürdü. Və bunun kimi bir sıra gülünc qərarlar. Bir sözlə, taliblərin sayəsində ölkə cəngəlliyi xatırladırdı. “Əl-Qaidə”nin Amerikada əks qüllələri vurmasından sonra Talibanın da hakimiyyətinin sonu yaxınlaşdı. Səbəb Talibanın “Əl-Qaidə”ni həmin illərdə himayə etməsi idi. 2001-ci il noyabrın 7-də Amerika Əfqanıstana müdaxilə edərək Taliban idarəçiliyinə son qoydu. Əfqanıstanda 20 illik Amerika dönəmində, ötən illərə nisbətdə sakitlik hökm sürürdü. 2001-2021-ci illəri əhatə edən zaman kəsiyində Əfqanıstanda iki şəxs dövlət başçısı seçilə bilmişdi. Həmid Kərzai 2004-2009-cu illərdə, 2014-cü ildən isə Əşrəf Gani Ahmedzai. 2001-2004-cü illər ərzində isə ölkədə Həmid Kərzayinin rəhbərlik etdiyi keçid hökuməti var idi. Taliblər də 20 illik dönəmdə sakit dayanmırdı. Əfqanıstandakı Amerika ordusuna qarşı partizan müharibəsi aparan terrorçu qrup 20 il ərzində 7 min amerikalı, 64 min əfqan əsgərinin ölümünə səbəb olub. Taliblər də bu çarpışmalar nəticəsində xeyli üzvünü və önəmli adamlarını itirib. Buna misal kimi qurucu liderləri Molla Ömərin adını çəkmək olar. Taliban partizan müharibəsinə qərar verdikdən sonra, BMT-nin Təhlükəsizlik Şurası 1267 saylı qərarı ilə talibləri terror qruplaşması kimi tanıdı.
Amerika da Sovet imperiyası kimi Əfqanıstanı tərk etdi. Amma Amerikanın gedişinin məzmunu rusların gedişinin məzmunu ilə eyni olmadı. Co Bayden prezident seçkilərini qazandığı tədqirdə Amerika ordusunu Əfqanıstandan çıxaracağını bildirmişdi. Bu, belə də oldu, Bayden Birləşmiş Ştatların 46-cı prezidenti seçildi. Gördüyü ilk işlərdən biri də ordunu Əfqanıstandan çıxarmaq oldu. Baydenin bu qərarından sonra olanlar isə hər kəsə məlumdur. Ölkənin prezidenti Əşrəf Qani avqustun 15-də ölkəni tərk etdi. Sonra Əfqanıstan yenidən Taliban təhdidi altına düşdü. Yenidən sadə xalq canını qurtarmaq üçün vətənlərini tərk etmək üçün yollar axtarır. Dünya əfqan köç dalğası ilə qarşı-qarşıya qalıb. Taliban ölkədən son çıxış tarixini 31 avqust 2021-ci il olaraq müəyyənləşdirib. Dəyişməyən tək bircə nüans qalır, Pəncşir əyaləti 20-ci əsrin sonlarında olduğu kimi, yenə də müqavimət göstərir. İlk dönəmdə Məsudşahın rəhbərliyi ilə, bu dövrdə isə oğlu Əhmədşahın başçılığı ilə. Bu hadisələrin fonunda cavabı bəlli olmayan bir sual qalır: Əfqanıstan qlobal güclər arasında əl dəyişdirir, yoxsa həmin güclər qurduqları şəriət dövlətlərindən birini də yenidən Əfqanıstanda qurur?
Xətai AZAYEV



