|
|
|
|
Ağdam
Mənə ögey baxan, ay bizim elli,
Babam kim, nənəm kim,
yurd-yuvam bəlli.
Atam Seyidlidir,
Anam Çəmənli,
Nəslimin qibləsi, piridir Ağdam!
Ağdamı şəhərlər şahı bilmişəm!
Adından qorxubdur düşmən həmişə...
Mən də bir balası,
aram, gəlmişəm,
Qorxmazlar, dönməzlər yeridir Ağdam!
Mən ondan almışam gücü-qüvvəti!
Anamdır!
El bilir bu həqiqəti!
Andımız, sevdamız, cəngimiz qəti!
Qalxdı, çalxalandı, yeridi Ağdam!
***
Ağdam Cümə məscidi
Rəhmətlik Molla Mürşüd babamın
and yeri, iman yeri.
Çiçək nənəm Gözəlin
ümid yeri, güman yeri
Ağdam Cümə məscidi.
Əliqurumuşlar
Sənə əl uzatdılar
Onlar bəşər deyil,
ayrı kafir zaddılar...
Diddilər, yedilər səni...
Yox, boğmasın qəhər səni!
Allah götürməz qəti
Bu günahı, xəyanəti!
Nurlu, təmiz məscidim!
Doğma, əziz məscidim!
Gözün aydın! Göylərində
Dalğalanır əzan səsi!
Görüşünə əlində "Quran" gəldi
Millətimin zəfər çalmış
Sərkərdəsi!
Yollarına düzülməkdə
Şahbulağın ağ daşları.
Sənə salam göndərməkdə
İstanbuldan
Bütün məscid qardaşların!
Gəl, sevindir ayrılıqdan
Həsrət çəkmiş gözləri sən!
Aç qolunu, biz gəlmişik
Bağrına bas bizləri sən!
***
Milli Qəhrəman Allahverdi Bağırov
Qəssab Teymur kişinin
oğluydu,
Özü boyda nəfəs alan,
yeriyən bir dağdı
Allahverdi Bağırov!
Köküylə, budağıyla
Qarabağdı
Allahverdi Bağırov!
Torpağının sahibiydi,
Bu torpaqda boy atmışdı
Öz bəxtinin dünyasını yaratmışdı...
Sən işə bax!
Çox qudurdu qonşuluqda
Bir ovuc şeytan sürüsü
Yalı bizdən "yan" sürüsü...
Qarabağa od ələndi,
Xocalıda
uşaq, böyük güllələndi!
Darda qalmış məmləkətin
Bu cəngavər, igid oğlu
Özü kimi igidləri
yığdı başına.
Barmaqları gülləsiydi,
Qolunu tüfəng eyləyib
çıxdı qarşıya...
Dönüb dağlar qartalına
Qanad açdı Allahverdi.
Elə bil ki, döyüş üçün
Doğulmuşdu Allahverdi!
Yerlər, göylər parçalandı,
Ərənlərin yuvasında.
Həlak oldu Allahverdi
Öz elində, obasında...
...İndi ruhu rahat gəzir
Qarabağın göylərində
Bu ilahi məhəbbətin
Təməl daşı çox dərində...
Nə yaxşı ki,
Ağdamdakı
Tənha qəbri
Qəzəbindən, hiddətindən
Bomba kimi partlamadı...
Əsrlərdən, əsrlərə,
Nəsillərdən, nəsillərə
addımlayır
Teymur oğlu
Allahverdi Bağırovun
Doğma adı!
***
Köçəri oğlu Səlim
Əməkdar müəllim Səlim Əzimovun unudulmaz xatirəsinə
Ay bizləri Qarabağa
görüşlərə çağıran
Qarabağa Günəş doğub,
gözlərin aydın!
Gəlirik eyy,
Kaş möcüzə baş verəydi
Uzundərə, Göytəpə yollarında
Qarşımıza çıxaydın...
Sən ağdamlı qamətinlə,
Dosta, yara ülfətinlə,
Düşmənlərə nifrətinlə
Aztapılan bir adamdın...
Köçəri oğlu Səlim!
Sən dipdiri, sən qapqaynar,
bir Ağdamdın,
Köçəri oğlu Səlim!
Bir zamanlar Novruzluda
Evin vardı, bağın vardı...
Danışanda Göy qopardı,
Yeriyəndə Yer əsərdi,
Yaşamağa tələsərdin...
Aşıb-daşan çağın vardı...
Dörd yanında balaların,
bəxt qismətin, könül varın...
Məktəb, uşaq, isti ocaq...
Qarabağın ağ günləri...
...Qara yellər əsib keçdi,
itdi, bitdi, yoxdur, hanı?
Günəş çıxdı Göy üzünə
Günəş aldı bu dünyanı!
Sən bizləri Qarabağa
Səsləyərdin, Köçəri oğlu Səlim!
Qarabağa Günəş doğdu
Gözlərin aydın!
Kaş möcüzə baş verəydi
Uzundərə, Göytəpə yollarında
qarşımıza çıxaydın,
Köçəri oğlu Səlim!
***
Ağdam şəhər 1 №-li orta məktəbin himni
Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev 28 may 2021-ci ildə düşmənin darmadağın etdiyi Ağdam şəhər 1 №-li orta məktəbin yeni binasının təməlini qoydu.
Bu işıqlı sönməz ocaq
Öz adını daşıyacaq.
Dünyalarca yaşayacaq
Bir nömrəli məktəbimiz.
O, anadır, biz övladı
Çox əzizdir doğma adı
Bizə ağ gün arzuladı
Bir nömrəli məktəbimiz.
Dava vaxtı darda qaldı...
Köçdü, orda-burda qaldı.
Sarsılmadı harda qaldı
Bir nömrəli məktəbimiz.
Döyüşlərdən qorxan deyil!
Bizə ögey baxan deyil,
Yadımızdan çıxan deyil
Bir nömrəli məktəbimiz.
Ürəyi bizimlə vurar.
Taleyində şərəf, vüqar.
Ən birinci yerdə durar
Bir nömrəli məktəbimiz!
Şüvəlan, iyun-avqust 2021-ci il