Rusiya NATO və ABŞ-a "Regional təhlükəsizliyə dair yeni razılaşma" təklif edərək Şimali Atlantika Alyansının Şərqə doğru genişlənməsinin qarşısını almağa çalışır. Moskvanın təklifinin gələn həftə ABŞ-Rusiya, NATO-Rusiya və ATƏT çərçivəsində müzakirəsi gözlənilənir. Müzakirələrin nə ilə nəticələnəcəyini söyləmək çətin olsa da, Rusiyanın Ukrayna və Gürcüstanın NATO-ya qəbuluna yol açan Şimali Atlantika Alyansının 2008-ci il Buxarest sammitinin qərarının ləğv olunmasında təkid edəcəyini söyləmək mümkündür. Moskva Ukrayna və Gürcüstanın NATO-ya qəbuluna qarşı olmasını Şimali Atlantika Alyansının Şərqə doğru genişlənməsinin Rusiya üçün təhlükə yaratması ilə izah edir.
Ukrayna və Gürcüstanın NATO-ya qəbuluna qarşı çıxan Rusiya isə çox təhlükəli sürprizlə üzləşə bilər. Finlandiya və İsveçin Şimali Atlantika Alyansına üzv ola biləcəyi məsələsi gündəmə gəlib. Finlandiya prezidenti Sauli Niinistönün yeni il münasibəti ilə çıxışında Rusiyanın NATO və ABŞ-a təqdim etdiyi "Regional təhlükəsizliyə dair yeni razılaşma" təklifini tənqid edərək zamanəmizdə dünyanın təsir zonalarına bölünməsinin qəbuledilməz olduğunu bildirib. Finlandiya prezidentin çııxşında ən maraqlı məqam Helskinin NATO-ya üzvlük üçün imkanların saxlanılmasına çalışmasını vurğulamasıdır. Sauli Niinistönun çıxışı belə qəanət yaradıb ki, Rusiya Ukraynaya hücum etsə, Finlandiya dərhal üzvlük üçün NATO-ya müraciət edəcək.
Prezident Sauli Niinistönlə eyni gündə Finlandiyanın Baş naziri Sanna Marin də ölkəsinin NATO-ya üzvlüklə bağlı müraciət etmək hüququna malik olduğunu bildirib. Xanım Sanna Marin bildirib ki, Helsinki azadlığını yüksək qiymətləndirdiyi üçün NATO-ya müraciət hüququn özündə saxlayır. Finlandiyanın NATO-ya üzvlük məsələsinin gündəmə gəlməsi Rusiyada ciddi narahatlıq doğurub. Moskvada Finlandiyanın NATO-ya üzvlüyünü Şimali Atlantika Alyansının Sankt-Peterburqun qapılarına dayanması kimi qiymətləndirirlər və bu, bir həqiqətdir.
Finlandiya ilə yanaşı, İsveç də NATO-ya üzvlük məsələsini müzakirəyə çıxarıb. İsveç parlamenti hökuməti ölkənin NATO-ya potensial üzvlük imkanlarını rəsmən elan etməyə çağırıb. Deputatların əksəriyyəti bu təşəbbüsün lehinə səs verib. Çox maraqlıdır ki, bir qayda olaraq NATO-ya üzvlüyün əleyhdarı olan radikal sağçı "İsveç demokratları" partiyası da bu ideyanı dəstəkləyib.
İqtidarda olan koalision hökumət Stokholmun iki yüz ildən artıq müddətdə davam edən neytral dövlət statusunu qorumağın tərəfdarı kimi çıxış edir. Ancaq hökumətin bu qərarı Rusiyanın Ukraynaya yönəlik siyasətindən asılı olacaq. Əgər Rusiya ehtimal edildiyi kimi, Ukraynaya qarşı hərbi əməliyyatlara başlasa, İsveç NATO-ya üzvlüklə bağlı məsələni gündəmə gətirəcək.
İsveçin Baş naziri Maqdalena Anderson Rusiyanın NATO və ABŞ-a "Regional təhlükəsizliyə dair yeni razılaşma" təklifini tənqid edərək Avropanın təsir zonalarına bölünməsinin əleyhinə çıxıb. Xanım Baş nazir bildirib ki, İsveç öz təhlükəsizlik siyasətini özü müəyyənləşdirir, hansı ölkələrlə əməkdaşlıq edəcəyinə yalnız özü qərar verir.
Ukrayna və Gürcüstandan fərqli olaraq Finlandiya və İsveçin NATO-ya qəbulu texniki xarakter daşıyacaq. Çünki Finlandiya və İsveç Avropa Birliyinin üzvüdürlər. NATO isə əsasən Avropa Birliyinin üzvülərindən ibarətdir. Digər tərəfdən, NATO-ya üzvlük üçün tələb olunan şərtlər Finlandiya və İsveçdə çoxdan mövcuddur. Hər iki ölkənin silahlı qüvvələri NATO standartlarına uyğun qurulub.
NATO-da əsas söz sahibi olan ABŞ-ın da Finlandiya və İsveçin Şimali Atlantika Alyansına üzvlüyündə maraqlı olduğunu da söyləmək mümkündür. Finlandiya ABŞ-dan beşinci nəsil F-35 qırıcı təyyarələri almağa başlayıb. Helsinki bu məqsədlə 11,3 milyard dollar xərcləmək niyyətindədir. Artıq Finlandiya parlamenti bu məqsədlə 10,6 milyard dollar ayırıb və qarşıdakı beş ildə daha 653 milyon dollar ayrılmasını təsdiqləyib. Çox maraqlıdır ki, ABŞ Hərbi Hava Qüvvələrinə 135,8 milyon dollara başa gələn F-35 qırıcı təyyarəsinin biri Finlandiyaya 82 milyon dollara başa gələcək. ABŞ-ın Finlandiyaya etdiyi bu güzəşti hətta İsrailə də etmədiyinə diqqət çəkən ekspertlər bunu Vaşinqtonun Helsinki ilə hərbi əməkdaşlıqda maraqlı olması ilə izah edirlər.
Finlandiya ABŞ-dan beşinci nəsil F-35 qırıcı təyyarələri ilə yanaşı, AMRAAM və Sidewinder raketləri də alacaq. Helsinkinin bu addımları Moskvada əsəb yaradır. Çünki bundan sonra Rusiyanın sərhədlərinin və ölkənin Şimal paytaxtı adlandırılan Sankt-Peterburqun bir neçə kilometrliyində ABŞ-ın ən müasir silahları və texnikası yerləşəcək. Moskva xüsusilə Finlandiyanın radarlara yaxalanmayan beşinci nəsil F-35 qırıcı təyyarələri almasından narahatdır. Kremldə dərk edirlər ki, Rusiya sərhədlərinin bir neçə kilometliyində yerləşəcək 64 ədəd beşinci nəsil F-35 qırıcı təyyarəsi Sankt-Peterburq və Moskva üçün ən real təhlükədir. Radarlara yaxalanmayan bu təyyarələrin nüvə silahı daşımaq qabiliyyətini də nəzərə alanda Kremlin narahatlığını anlamaq olur. Finlandiya və İsveçin hərbi neytrallıqdan imtina edərək NATO-ya üzv olmaq istəyinin səbəbkarı isə Rusiyanın təcəvüzkar siyasətidir. Ukraynanın yaxın illərdə, hətta yaxın on illikdə NATO-ya üzvlüyünün mümkün olmayacağı hər kəsə aydın olsa da, Rusiya əsassız təcəvüzkar siyasəti ilə Finlandiya və İsveçi də qorxudub və bu ölkələr də Şimali Atlantika Alyansına üzv olmaq haqqında düşünməyə başlayıblar.
Moskvanın təcəvüzkar siyasəti Helsinkidə o qədər narahatlıq yaradıb ki, Finlandiya prezidenti ad çəkmədən Rusiyaya işarə edərək bu gün Avropada yaranmış vəziyyəti faşist Almaniyasının siyasəti nəticəsində ötən əsrin 30-cu illərində yaranmış vəziyyətlə müqayisə edib. Henri Kissincerin məşhur ifadələrini xatırladan Finlandiya prezidenti deyib ki, nə zaman ki, müharibənin qarşısını almaq böyük dövlətlərin əsas məqsədinə çevrilir, beynəlxalq sistem onun ən amansız üzvünün əsarətinə düşür. Henri Kissincer bu sözləri ötən əsrin 30-cu illərində guya sülhü qorumaq üçün böyük dövlətlərin Çexislovakiyanı Hitler Almaniyasına qurban verilməsi haqqında işlədib. Finlandiya prezidenti bununla Ukraynanın Rusiyaya qurban verilməsinin əleyhinə olduqlarını sərt şəkildə ifadə edib.
Finlandiya prezidenti Sauli Niinistönün Uinston Çörçillin Fultonda, Vestminster Kollecindəki məşhur çıxışı ilə müqayisə olunan yeni il müraciəti Rusiyaya qarşı sərt siyasətin müəyyən olunduğunu göstərir. Belə görünür ki, Rusiya təcəvüzkar siyasətindən əl çəkməsə, NATO-nun genişlənməsinin qarşını ala bilməyəcək, əksinə, Şimali Atlantika Alyansının daha sürətlə genişlənməsinə səbəb olacaq.