
Xəbər verildiyi kimi, aprelin 17-də Salyan rayonunda fəaliyyət göstərən "Demokratiyaya yardım" adlı qeyri-hökumət təşkilatının (QHT) rəhbəri Emil Məmmədov və həmin qurumun üzvü Tofiq Qasımov rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb. T.Qasımov zorla pul tələb etmək ittihamı ilə 2 ay müddətinə həbs edilib. Salyan Rayon Məhkəməsi E.Məmmədov barəsində Cinayət Məcəlləsinin "şantaj" maddəsi üzrə 3 aylıq həbs-qətimkan tədbiri seçib. Ona qarşı məmurlardan zorla pul alma ittihamı irəli sürülüb. Hadisə ilə bağlı hal şahidinin olduğu da qeyd edilir. O, Cinayət Məcəlləsinin 182.2 maddəsi ilə şübhəli bilinir. Maraqlı məqam ondan ibarətdir ki, bəzi müxalifət, eləcə də onun nəzarətində olan media qurumları tərəfindən buna fərqli şərhlər verilir. Bu media qurumları həbsləri qərəzli, qeyri-obyektiv şəkildə şərh edərək, olayı hakimiyyətin vətəndaş cəmiyyəti institutlarına təzyiqi, basqısı kimi qiymətləndirirlər. Heç şübhə yox ki, məsələ tam aydınlanmamış, istintaq işi yekunlaşmamış buna bəzi media orqanlarının mənfi münasibət bəsləməsi, eləcə də bu məsələdə hakimiyyəti günahkar bilməsi qeyri-obyektiv yanaşmadan başqa bir şey deyil. Çünki ölkədə vətəndaş cəmiyyəti institutlarının, QHT-lərin fəaliyyəti üçün dövlət tərəfindən hər bir imkanın yaradılması məlum həqiqətdir. Əgər hər hansı bir qeyri-qanuni əməl sahibi saxlanılırsa, bunun birbaşa onun aid olduğu sektora basqı kimi qiymətləndirilməsi heç də doğru yanaşma deyil. Çünki hər bir kəs tutduğu vəzifədən asılı olmayaraq qanunlar qarşısında bərabərdir və etdiyi əmələ görə cavab verməlidir. Hər halda hansısa cinayət əməli törədən şəxsin cəzalandırılması onun təmsil olunduğu sahəyə basqı deyil. Bu olayla bağlı kifayət qədər faktlar da var.
Belə ki, məlumata görə, T.Qasımov ifadəsində Emil Məmmədovun sifarişi ilə idarə, müəssisə rəhbərlərini müxtəlif yollarla şantaj etmələrini bildirib. T.Qasımovun izahatına əsasən idarə və müəssisə rəhbərləri, eləcə də aidiyyəti üzrə şəxslər də ifadə verib. İstintaq zamanı E.Məmmədovla T.Qasımovun üzləşdirildiyi də bildirilib. İdarə rəhbərləri istintaq zamanı E.Məmmədovun müxtəlif dövrlərdə şantaj yolu ilə onlardan pul aldığını etiraf ediblər. Salyan rayon Maliyyə İdarəsinin müdiri Mahir Kərimov istintaqda üzləşmə zamanı Emil Məmmədovun ondan müxtəlif dövrlərdə şantaj yolu ilə pul tələb etdiyini sübuta yetirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatında da bu fakt təsdiqlənib. Məlumatda bildirilib ki, T.Qasımov barəsində aprelin 16-da eyni maddə üzrə cinayət işi açılıb və o ifadəsində E.Məmmədovun tapşırığı ilə hərəkət etdiyini söyləyib. Məlumatda həmçinin rayonun bəzi dövlət qurumlarının nümayəndələrinin məsələ ilə bağlı polisə müraciət ediblər. Müraciətlərdə T.Qasımovun barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə onlardan dəfələrlə pul aldığı bildirilərək, bu şəxslə bağlı ölçü götürülməsini xahiş edilib. Məlumatda qeyd edilib ki, məhz həmin müraciətlər əsasında araşdırma aparıldığı və Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanıb.
Sözügedən nazirliyin mətbuat xidmətindən bildirilib ki, T.Qasımovun istintaqa təzyiq altında və azad olunacağı şərti ilə ifadə verməsi ilə bağlı bəzi media qurumlarında yer alan məlumatlar həqiqəti əks etdirmir. Məlumatda bu olayın zorla siyasiləşdirilməsinin düzgün yanaşma olmadığı qeyd edilərək, məsələ ilə bağlı konkret faktların olduğu bildirilib.
Maraqlıdır ki, ortada bu qədər faktların olmasına baxmayaraq, bəzi media qurumlarında "Demokratiyaya yardım" birliyinin Cənub regionunda "ən fəal vətəndaş cəmiyyəti institutlarından biri", E.Məmmədovun isə "tanınmış hüquq müdafiəçisi" və "yüksək mənəviyyatlı ziyalı" olması haqda şərhlərə yer verir.
Digər bir məqam isə E.Məmmədovun ayrı-ayrı mətbuat orqanlarında Salyan rayonunda çalışan rəhbər işçilər haqqında dezinformasiya xarakterli məlumatlar yaymasıdır. Belə ki, o, ayrı-ayrı şəxslər barəsində həqiqətəuyğun olmayan fikirlər formalaşdırmağı bacarıb. Belə məlumatlardan biri Salyanın icra başçısı Tahir Kərimovun metlax sexi olması ilə bağlıdır. Lakin "Yeni Müsavat" qəzetinin əməkdaşlarının araşdırması nəticəsində məlum olub ki, bu məlumatlar həqiqətəuyğun deyil. Onlar metlax sexinin rəhbəri T.Kərimovu tapsalar da, bu şəxsin icra başçısı deyil, T.Kərimov adlı iş adamı olduğu müəyyənləşir.
Lakin vəziyyətin aşkarlandığını görən E.Məmmədov Rauf Arifoğludan "qisas almaq" qərarına gələrək, bu məqsədlə özünə yaxın olan müsavatçı Cavanşir İbrahimlidən istifadə edir. O, müəyyən miqdar pul qarşılığında C.İbrahimliyə Müsavat partiyasından istefa verməsi barədə ərizə yazdırır. QHT sədri həmin ərizədə bunu belə əsaslandırır ki, guya, "Yeni Müsavat"ın baş redaktorunun verdiyi açıqlamalara etiraz olaraq bu addımı atıb.
E.Məmmədovun "məharətləri" bununla da bitmir. O, eyni zamanda Salyan və ətraf rayonda yaşayan şəxslərdən 1200 manat alaraq, onlara saxta sənədlər düzəltmək yolu ilə Avropaya mühacirətə göndərmək "peşəsi" ilə də xeyli pul "yeyib". Maraqlıdır ki, onun xaricdə yaşamaq üçün göndərdiyi şəxslərin "sənəd"lərində onların müxalifətçi olduqları üçün təzyiqlərə məruz qaldıqları, incidildikləri və həqiqətəuyğun olmayan digər məlumatlar yer alıb. Əslində o şəxslərə qarşı hər hansı bir təzyiqdən heç vaxt istifadə edilməyib. Məlum olub ki, onlar heç hər hansı bir partiyanın, təşkilatın üzvləri də deyil. Bu şəxslərin heç bir siyasi fəaliyyətlə məşğul olmadığı da aydınlaşıb.
E.Məmmədovun eyni zamanda 2010-cu il Salyan rayonunda baş vermiş daşqınlar zamanı ziyan çəkənlərə kömək vəd edən "Kür" Vətəndaş Cəmiyyəti Qərargahının fəallarından biri olduğu qeyd edilir. Həmin qərargahın isə real vətəndaş cəmiyyəti fəaliyyəti ilə deyil, əslində "reket QHT" fəaliyyəti göstərdiyi, hazırladığı hesabatların isə yerli və mərkəzi məmurları şantaj etmək məqsədi güddüyü barədə hələ 2012-ci ilin sonlarında elə QHT sektorunun fəal nümayəndələri tərəfindən ifşaedici materiallar dərc olunmuşdu. Bütün bunlar isə üçüncü sektorun öz sıralarından "reketləri" təmizləməsini zəruri edir. Çünki bu əməllərin bir adı var Vətənə xəyanət. Ayrı-ayrı media qurumları, şəxslər tərəfindən belələrinin müdafiə edilməsi, onun əməllərinin ifşa olunmasının vətəndaş cəmiyyətinə təzyiq kimi qiymətləndirilməsi sadəcə əfsus doğurur. İnsanları müxtəlif yollarla aldadaraq, onların inamından sui-istifadə edən şəxsin "qəhrəman" elan olunması yerinə, onun ifşa edilməsi daha doğru olar.
AQİL



