
RAUF ZEYNİ: "AZƏRBAYCANDA QƏBUL EDİLƏN QANUNLAR VƏTƏNDAŞ CƏMİYYƏTİNİN İNKİŞAFI ÜÇÜN VACİB BİR PLATFORMA, QANUNVERİCİLİK BAZASI FORMALAŞDIRDI"
Çağdaş dövrümüzdə ictimai həyatın demokratikləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması, cəmiyyətin harmonik və sabit inkişafının təmin edilməsi, hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən biri kimi vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi, dəstəklənməsi cəmiyyətin əsas hədəf və vəzifələrindən biri kimi çıxış edir. Müstəqillik əldə etdikdən sonra Azərbaycanda da vətəndaş cəmiyyəti institutlarının inkişafı dövrü başlayıb. Bu yol heç də hər zaman rahat deyil, bir çox hallarda enişli-yoxuşlu olub. Üçüncü sektor təmsilçiləri öz inkişafında ən müxtəlif çətinliklərlə üzləşmələrinə baxmayaraq, nəticə etibarı ilə cəmiyyətdə özlərini təsdiqləyə biliblər. Vətəndaş cəmiyyəti institutları bu gün Azərbaycanda tərəqqi proseslərinin, novatorluğun, modernləşmə təşəbbüslərinin lokomotivi kimi qəbul edilirlər. Artıq vətəndaş cəmiyyəti institutları cəmiyyəti irəli aparmaq, dövlətin həyata keçirdiyi siyasətə, atdığı addımlara ən müxtəlif formada dəstək vermək potensialına malikdirlər. Şübhəsiz ki, vətəndaş cəmiyyəti institutlarının bu səviyyəyə gəlib çıxmasında Azərbaycan dövlətinin, xüsusilə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyata keçirdiyi əməli tədbirlərin müstəsna əhəmiyyəti var. Bütün bu müsbət məqamların fonunda müəyyən problemlər və həllini gözləyən məsələlər var ki, bunlar da hələ ki, üçüncü sektorun qarşısında qət ediləcək yolun çox olduğunu deməyə əsas verir. Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni ilə söhbətimizi də bu istiqamətdə qurduq.
(Əvvəli ötən sayımızda)
- Bir qədər öncə bəzi nazirliklərin, dövlət komitələrinin vətəndaş cəmiyyəti institutları ilə əlaqə qurmaqda maraqlı olmadığını söylədiniz. QHT-lərin bir çox dövlət qurumları ilə sıx əməkdaşlığı fonunda, bəzi dövlət qurumların belə yanaşmasına səbəb nədir?
- Bəzi nazirliklər, məsələn Ədliyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi bizim hələ lap əvvəllərdən əməkdaşlıq etdiyimiz nazirliklərdir. Ədliyyə Nazirliyində Penitensiar Xidmətdə İctimai Nəzarət Komitəsində uzun zamandır ki, təmsil olunuruq. Gənclər və İdman Nazirliyi yaranan vaxtdan gənclər təşkilatları orada İctimai Komitənin üzvüdürlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə son illərdə əməkdaşlığa başlamışıq. Bu Nazirliyin nəzdində İctimai Şura yarandı ki, biz sözügedən qurum vasitəsi ilə əməkdaşlığımızı genişləndirdik. Doğurdan da burada təmsil olunmağımız sosial siyasətin həyata keçirilməsində xeyli faydalı oldu və böyük işlərlə nəticələndi. Bu məqamlar sözügedən nazirliklərin ictimai sektora açıq olmasının, sıx əlaqələrin göstəricisidir. O nazirliklər ki, vətəndaş cəmiyyəti ilə əlaqələrin qurulmasında, ictimai nəzarətin, şəffaflığın təmin olunmasında, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparılmasında, dövlət proqramlarının effektiv həyata keçirilməsində, ümumiyyətlə, bütün bu məsələlərdə QHT-lərin iştirakında maraqlıdırlar, onlar özləri üçüncü sektorla münasibətlərin qurulmasına təşəbbüs göstərirlər. Məsələn, Müdafiə Nazirliyində İctimai Şura olmasa da onlarla bizim yaxşı işbirliyimiz var. Tez-tez sərhəd bölgələrinə səfərlər təşkil edilir və biz vətəndaş cəmiyyətinin nümayəndələri olaraq orada fəal iştirak edirik.
(Ardı var)
Aqil LƏTİFOV



