|
|
|
|

Fevralın 14-də ömrün 77 ilini arxada qoyub irəli adladım. Bu münasibətlə istər sosial şəbəkələrdə, istərsə də mətbuat səhifələrində adıma ünvanlanan təbriklər çələnginə görə elliyinizə minnətdaram, İstəkli dostlar, qohumlar, tanışlar. Ağrı-acılarla yanaşı, həm də sevinclərlə ötüşən ömrümdə mənə fərəh gətirən, bu yaşa gəlib çatmamda yoluma işıq tutan hər birinizin qarşısında hörmətlə baş əyirəm. Şair olmasam da, 44 günlük Vətən müharibəsində mənfur düşmənə qan udduran, on illərlə torpaqlarımızı işğal altında saxlayan, obalarımızı viran qoymuş hay dığalarını yerində oturdan müzəffər ordumuza həsr elədiyim bir şeirimlə görüşünüzə gəlməyi lazım bildim, əzizlərim.
Günəşim doğdu ayım öz yerinə bənd oldu
Ruhumun nəhri yenə güclü təlatümlə axır.
Otuz ildi başımı sarmış idi faciələr
Gözlərim şükürlər olsun sabaha şəstlə baxır.
Süfrəmin ruzusu çoxdandı qaçaq düşmüşdü
Allahım loxmama indi yağı bal üstə yaxır.
Bəd gələn illəri "Ya Haqq" deyərək zikr elədim
Tanrı öz bəndəsini vaxtı gələndə yoluxur.
Çəkdi min imtahana, tuş elədi min əzaba
Ona kim şəkk gətirərsə əvəzin böylə çıxır.
Bəzi "dostlar" qaçıban dövrəmi tərk etmişdi
Xeyr ola gah biri burdan biri ordan qalxır.
Biri də vardı yeyib artığımı kişnərdi
İndiki halımı görcək fəğanı ərşə çıxar.
Gəlin ellikcə Ulu öndərə minnətdar olaq
Dahinin qədri bilinməzsə eli yoldan azar.
Hər kəsin taleyi dərgahda çoxdan yazılıb
Orda çax-çux eləməkçün nə dükan var nə bazar.
Düşmənin min üzü var, hər kəs onu anlamasa
Rəbbim öz qamçısını küt başına zərblə çaxar.
Yumruğu dağ uçuran İlhamımız var olsun!
Şuşamız pişvazına şəstlə, məhəbbətlə çıxır.
İntiqam aç gözünü, yan-yörəni zənd ilə süz
Bil ki, düşmən ucalan taxtına qibtəylə baxır.
İntiqam MEHDİZADƏ



