https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-12/294213_z8uqvuax9d.jpg Güneydə "fləş fikşn": Məlihə Əzizpurun "kibriti öykülər"i - Esmira Fuad yazır
https://525.az/img/pics/medium/2023-12/297354_8fkpzc5rao.jpg Yolda hadisə - Əlisəfdər Hüseynov yazır
https://525.az/img/pics/medium/2024-05/313156_xbtvzcvz2i.jpg "Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası" mövzusunda VII beynəlxalq konfrans keçirilib
search
10 May 2024

Gəncədə "Kostya dayının stadionu" bərpa edildi

UŞAQ FUTBOLUNUN İNKİŞAFINDA ÖZ İZİ OLAN BU KİÇİK MEYDANÇANIN AÇILIŞINA ŞƏHƏR RƏHBƏRİ DƏ QATILIB

Gəncədə "Kostya dayının stadionu" bərpa edildi

Respublikanın Əməkdar bədən tərbiyəsi və idman işçisi  Konstantin Abramenkonun (1923-2005) adı idmansevərlərə, xüsusən də futbol sevdalılarına yaxşı tanışdır. Vaxtilə Gəncədə hamının, xüsusən də uşaqların  "Dyadya Kostya" kimi tanıdığı bu sadə insan sözün əsl mənasında futbol fədaisi kimi qəlblərdə iz qoyub.

Hələ lap gənc yaşlarında, Gəncə dəmir yolu sistemində adi qaynaqçı kimi çalışdığı vaxtlarda futbola həvəsi olan uşaqları düşünərək, elə vağzalətrafı mikrorayonda öz gücü ilə "Lokomotiv" adlı kiçik stadion quran, burada apardığı qızğın məşqlərlə yüzlərlə, bəlkə minlərlə  məktəblinin sağlam ruh və bədən ilə böyüməsinə yardımçı olan, eləcə də Azərbaycan futboluna öz yetirmələri vasitəsilə töhfə verən, bu işlərinə görə idman sahəsinə fəxri ada layiq görülən Abramenko - "Kostya dayı" hörmətli bir şəxs kimi Gəncənin Fəxri xiyabanında dəfn edilib.

Tanınmış futbolçulardan Maşallah Əhmədov, Asif Əliyev, Mehman və Füzuli Allahverdiyev qardaşları, Əli Rəhimov, Xaliq Mərdanov, Mahmud Qurbanov, Cavid Əhmədov, Rövşən Əhmədov, Anar Kələntərov, Fazil Pərvərov, Ceyhun İmamquliyev və digərləri ilk futbol fəndlərinə məhz "Dyadya Kostyanın stadionu"nda yiyələniblər.

Amma "Kostya dayı"nın həmin stadionu uzun müddət idi ki, bərbad durumdaydı. Bu məkanın təmiri, daha doğrusu, yenidən salınması haqda şəhər ictimaiyyətinin arzuları nəhayət, yerinə yetdi.

Gəncə şəhərində Konstantin Abromenkonun adını daşıyacaq  stadionun əsaslı təmirdən sonra açılışı oldu. Açılışda şəhərin rəhbəri Niyazi Bayramov, millət vəkili Müşfiq Cəfərov, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, bu idman qurğusunun bərpası ideyasına öz fəal dəstəyini nümayiş etdirmiş Gəncə İctimai İştirakçılıq Məclisinin nümayəndələri Müzadil Həsənov və İlqar Zeynalov, Gəncə şəhər İdman İdarəsinin rəisi Həmid Nəsirov, Gəncə şəhər İnsan Hüquqlarının Müdafiəsi və Ekologiyanın Qorunması Mərkəzinin sədri Sitarə Hacıyeva, həmçinin, uşaqkən Abramenko məktəbini də keçən futbol veteranları iştirak ediblər.

Tədbirdə çıxış edənlər bu kiçik stadiondan neçə-neçə əfsanəvi futbolçunun yetişdiyini və respublikamızı layiqincə təqdim etdiklərindən danışdılar və yerli uşaq futbolunun inkişafına bu stadionun da yenidən töhfə verəcəyini qeyd etdilər.

"Biz, futbol veteranları bir neçə dəfə ziyalılardan ibarət Gəncə İctimai İştirakçılıq Məclisinin üzvləri ilə görüşüb bu əlamətdar futbol məkanının bərpası məsələsini birgə müzakirə etmişdik. Bu məsələdə şəhər rəhbərliyi, həmçinin, millət vəkili Müşfiq Cəfərov də bizi dəstəkləyirdi. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun Gəncəyə səfəri bizim bu ideyamızın reallaşmasında yardımçı oldu. Biz mərhum Konstantin Abromenkonun stadionunun bərpası fikrini E.Məmmədova bildirdik. Bu xeyirxah iş AFFA-nın xəttilə reallaşdı", - deyə Gəncə Futbol Veteranlar cəmiyyətinin sədr müavini Firuz Qulami qeyd edib.

Tədbirin sonunda şəhər rəhbəri yenilənmiş stadionun rəmzi açarını Gəncənin futbol veteranlarına təqdim edib.

Zakir MURADOV,

Gəncə

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.