Müasir Azərbaycan tibb elminin, ədəbiyyatının və ictimai fikrinin dəyərli nümayəndəsi, tanınmış oftalmoloq-cərrah, professor, şair, publisist Paşa Qəlbinurun 70 yaşı tamam olur. Duyğulu, həssas şair təbiətilə yanaşı, özünəməxsus ziyalı təmkininə, sanballı şəxsiyyətinə görə də hər zaman seçilib rəğbət qazanan Paşa Qəlbinur bu gün - martın 30-da ömrünün yeni mərhələsinə - müdriklik zirvəsinə qədəm qoyur. P.Qəlbinur, artıq yarım əsrə yaxındır ki, həm bütün varlığı ilə bağlandığı tibb-səhiyyə mühitində, həm ruhən mənsub olduğu ədəbi aləmdə, həm ümumən cəmiyyətdə sırf özünə məxsus, məhz ona aid fəxri mövqedə dayanmaqdadır. Onun böyük uğurla həyata keçirdiyi göz cərrahiyyəsi əməliyyatları indiyədək minlərlə insanı yenidən işığa, aydınlığa çıxardığı kimi, gözəl şeirləri, maraqlı esseləri də oxucularının ruh aləminin nurlanıb saflaşmasına, düşüncələrinin aydınlanmasına xidmət edir. Ədəbi mühitin təmsilçilərinə, yəni həmkarları olan qələm adamlarına, bütünlükdə ədəbiyyatsevərlərə təmənnasız münasibəti, yüksək qayğıkeşliyi isə P.Qəlbinur şəxsiyyətinin bir başqa qiymətli cəhətidir.
P.Qəlbinura biz "525-ci qəzet"in ən sadiq oxucularından, ən ardıcıl müəlliflərindən, etibarlı dostlarından biri kimi də xüsusi hörmət və məhəbbət bəsləyirik. O, şeirləri, esseləri, müsahibələri ilə istər kollektivimiz, istərsə oxucularımız üçün daima arzulanan, axtarılan müəllifdir.
Bu 70 illik yubiley günündə əziz Paşa Qəlbinura ürəkdən gələn hərarətli təbriklərimizi, ən xoş arzularımızı ünvanlayır, şeirlərindən ibarət poetik çələngi oxuculara ərmağan edirik.
***
Paşa QƏLBİNUR
Göyərən səs
Gecənin bağrında
ay - para qarğış...
Qaranlıq, gecə qadağası, aramsız yağış...
İşığın içində gül açmışam mən.
Buludun əynində ruh biçimində
Yenidən dünyaya gəlmişəm deyən...
O hansı nəfəsdi, o hansı səsdi?
Mənim varlığımı dəyişdi belə.
O hansı qüvvədi, hansı həvəsdi?
Xəmiri çörəyə, qayanı gülə...
İşığın içində İşıq göyərdi, -
Bülbülün içində Səs göyərən tək!
...Neçə Rembranta... dəyərdi, vallah!
Bağrıma dedim ki, bu gecə çək!
Çək, dedim ona,
Batır əllərini mənim qanıma
Bu gecə çək!...
Ucalardan qorxanım
Qollarımda azman gücü
Bağrımda
Şir ürəyi döyünür.
Mən qartalam
Ürəyimdən
qanadlarım böyüyür...
Ucalardan qorxanım
Zirvələrdə şaxta, qar,
Yıxılmaq qorxusu,
Yandıran şüalar...
Zirvələrdə
Zamanın təkrarsız gözəlliyi -
Məğrur-məğrur, iti xəncər gözlərin
İliklərə işləyən ənginliyi,
Arzuların ulusu
Və bir də
Azadlıq iyi,
Ciyər dolusu...
***
Sənsiz qalsam,
Sınaram
Min illik palıd kimi.
Ağ səs olar
Son harayım...
Sənsiz qalsam,
Göyərər, göyərər ürəyim!
Böyüyər, böyüyər, sən olar!
Sənsizlik sənə,
Yuxum aydınlığa qarışar...
Sənsiz qalsam,
Qolları kəsilmiş fədai kimi
Yuxularımdan qan sızar
gecələrimə...
Sənsiz qalsam,
Ölüm
Dadlı gələr mənə -
Ana südü kimi
...çataram
sənə...
Mən ağ işığam
Havamın nəmini qova bilmədim,
Aynamın tərini on il silmədim.
Ürəyimdən səni bir qəlpə kimi,
Elə kəsdi, ayırdı ki, bu illər
Heç özüm də bilmədim.
Bu gün sənsizliyi qələbə kimi
Doldurdum birbaşa başıma çəkdim.
Həsrətim, göynəyim, eşqim, göz yaşım
Həsrətin içində bitən uğurum.
Təntənəm, harayım, qələbələrim,
Hamısı gözümdə adiləşdilər.
Demişdim ki, sənsiz yaşayammaram.
Yalandı, yalandı daha ölmürəm.
Mən indi hər yandan görünürəmsə,
Səni mən görürdüm,
İndi görmürəm.
Sındırdın sən məni, bilmədin ancaq
Mən ağ işığam!
Sınanda fişəngəm - göy qurşağıyam!
...Başının üstündən asılasıyam.
Çörəklə sildiyin "səhv"lərim kimi
Birbaşa sinənə yazılasıyam.
Mənim balalarım qatır başımı,
Mənim uğurlarım əlimdən tutur.
Kimsələr qarğanı aldadır yenə,
Göydəcə pendiri... dilindən tutur.
Dünya əvvəlkidir - peşimanı çox
Çaxılıb ox dimdiyinə
Çürük ağaclara döyür başını,
Döyür ağacdələnlər...
Yollar o yollardı, mən and içdiyim,
Yollar o yollardı, sənin keçdiyin.
Mənsə o deyiləm, səni bilmirəm.
Aynamın nəmini leysan da silməz,
Yollarda qızlar var, oğlanlar gəzir
Heç kim mənim kimi sevə bilməyib
Heç kim mənim kimi unuda bilməz.
Çatdılar sənə
İstədim gizlədim məhəbbətimi -
Mənim şeirlərim satdılar səni.
İstədim on əlli qoruyam, gülüm,
Gözümün içindən mil salıb, salıb,
İşığın dalınca çatdılar sənə,
İşığın ucunda tutdular səni...
İşıq sürətinə ünüm çatmadı,
Taleyin hökmünə əlim çatmadı,
Yat, - dedim - bəxtimə, o da yatmadı,
Allahım oldunuz az qala, gözlər.
Bir şəhərdə zəhər udan,
Bir dənizdə çimən bizik.
Gecəmizə, günümüzə həsrət şərik.
Xoş günlərə dözəmmədik, dözəmmədik...
...Qağayılar qanad çalır,
Qanadları yosun iyli.
Mən qanadı qırılmışın
Qanadları dor ağacı -
Küləklər yayır səsimi.
Qanadlarım dar ağacı -
Asılmışam
Bir yaralı durna kimi...
Ah dedim, oydun məni,
Bu hala qoydun məni.
Yelkənsiz gəmi kimi
Dəryada qoydun məni...
***
Yanmış ocaq yeri var
Ürəyimdə
sən gedəli...
Bir xəncər sancı var
Kürəyimdə sən gedəli...
Qəhqəhələr, işvələr, nazlar
Payız yarpaqları kimi
Küləklərin ağzında
veyil-veyil.
Nə Günəş qızıl tellidi,
Nə dəniz mirvari deyil...
Dünyada
Sən adlı mələk var,
Mən adlı ürək.
İnnən belə
Qızıl-qızıl balqlar
Dənizlərdə
Üşüyər də, ölər də,..
Bir bayatı çağırın:
...Mey qaldı şüşələrdə.
Səssiz-səmirsiz
Yasəmən ətri qədər,
Çörəyin nəfsi qədər.
Darıxdım sənsiz...
Dəryada qarmağa
Balıq tələsən kimi,
Kəhrəba zəmidə
Küləklər əsən kimi,
Darıxdım sənsiz...
Bir ana bağrında,
Südün sancısı kimi,
Cadar-cadar torpaqda
Yağışın səsi kimi
Darıxdım sənsiz...
Ulduzlar axdılar,
Gecəmə neynim
Dənizlər axdılar
Küçəmə neynim...
Kəklik yumurtasında
Yavrumun səsi kimi -
Səssiz-səmirsiz
Darıxdım sənsiz...
Gözlərinin kölgəsi
Uzun gecələrimdə
Qaranlığın ətrisən,
sükutun səsi...
Gözlərimin yağını
Damla-damla içirəm.
Gözlərimin yağında
Yanır şamın piltəsi...
Gözümə
Sözün kölgəsi düşüb:
Silirəm, getmir.
Həsrətin kölgəsi düşüb,
Ürəyimə -
Silkinirəm, getmir...
Bir at düşüb bəxtimə -
Özü ürküb, yəhəri qalıb.
Kal meyvə kimi,
Mürəbbəsi bişib, zəhəri qalıb...
Məndən Uzaqlarda...
Gecə də yalandı - nağıllar kimi,
Gecə də talandı - ağıllar kimi,
Mələklər çəkibdi mənim içimi:
Mən quru qəfəsəm, ya nəyəm, Allah!
Hanı qanadlarım, qollarım hanı?
Tanıya bilmirəm özüm-özümü
Əl-ələ vermir heç, sözüm-sözümlə;
Bir yerə baxmır heç, gözüm-gözümlə;
Çaşmışam bu həsrət səltənətində:
Çırağı yansa da, işığı yoxdu.
Bağırdım, səsimin sorağı yoxdu;
Özüm eşitmirəm, kimsə də yoxdu;
Yoxdu deyəndə ki, insanlar çoxdu.
Ancaq məni duyan adamlar yoxdu;
Mən danışan dildə anlaşan yoxdu...
Bu boşluq doludu mən olmayanla,
Dünya beləmidi sən olmayanda?!
Ay nuru kimi
Qurd kimi yalnızam, şir kimi güclü!
Sən mənim yoluma çıxa bilməzsən.
Sən deyən deyiləm; sən olammaram -
Pul kimi hamının xoşuna gələm...
Mənim bir az - gülnən yaxınlığım var,
Mənim bir az - aynan yaxınlığım var.
Ayın nurundan çox üzdə həyam var...
Kürün suyundan çox ilham payım var...
Düşmənim, dostlarım saysız-hesabsız!..
Taleyim - Cənabi Haqqın nurunda!
Sən mənim haqqımı tapdayammazsan!
Aya, göyə, suya atılan, güllə -
Gücün nə olsa da; zərrəsən, tozsan,
Sən mənim haqqımı tapdayammazsan!..
***
Bu gecənin yarası,
Ay - yumurta sarısı.
İlan yumurtasında
Zəhər görünən kimi,
Gözümə görünürsən
Bu gecənin yarısı...