|
|
|
|
O uzaq 1977-ci ilin yayı xeyli uğurlu oldu. Məşhur birinci Şüvəlan seminarları qurtaran kimi getdim Şamxor (indiki Şəmkir) rayonunun Leninkənd (indiki Çinarlı) kəndinə. Biz 5-ci kurs tələbələri burada kiçik zabit heyəti üçün praktik hərbi təlim keçirdik. Düz 11 gün gecikmişdim, kursda saxlaya bilərdilər. Yazıçılar İttifaqından apardığım arayış söz-söhbətsiz birmənalı müsbət qəbul olundu və qoşuldum təlimlərə. Həmin o uzaq 77-ci ilin mənim üçün yaddaqalan daha üç olayı da bu kənddə oldu. Birincisi o idi ki, həmin kənddən olan dostumuz Altay mənə böyük Əhməd Cavadın həyat yoldaşı Şükriyyə ananı tanıtdı. Mən bu böyük insanla beş-altı kəlmə də olsa, ünsiyyətdə oldum... Sonra axşamların birində Altay bir neçə nəfərimizi evlərinə qonaq apardı. Evdə o məni rəhmətlik atasıyla ayrıca tanış etdi - yəni lap ayrı otaqda. Söhbətimiz tutdu. Onda bu kişi cibindən dördkünc bir bükülünü çıxardıb çox ehmalla açdı, oradan da çox ehtiyat və həyəcanla rəngli kiçik parçanı stolun üstünə sərdi, sonra da sual verirmiş kimi üzümə baxdı... Bu, indiki üçrəngli bayrağımız idi! Gözüm kəlləmə çıxmışdı... Nuru paşa adını da ilk dəfə, Vətən Sevdalısı bu kişidən eşitdim. Daha sonra, ürəyi dolu bu kişi mənə astadan və avazla iki marş oxudu: biri hazırkı himnimiz, o birisi isə "Yaşa, yaşa, Nuru paşa" marşı idi...
Günlərin bir günü rəhmətlik Sərdar (sonralar o, nazirin birinci müavini oldu, gözəl şair idi, təəssüf ki, həyatdan çox tez getdi) məni götürüb hərbi hissənin çöl qapısının qabağına apardı. Və mən ilk dəfə Paşa Musayevlə burada yaxından tanış oldum. Heç demə, o da bu kənddən imiş və bir-iki günlüyə gəlib. Təkid etsə də, evə getmədik. Elə burada xeyli söhbətləşdik: şeirdən, şairlərdən və sair. Payızda "Çeşmə" ədəbi birliyinin məşğələlərinə Paşa və Rafiq də (rəhmətlik Rafiq Tağı) qoşuldu. O - bu: dostluğumuz, əlaqələrimiz bu gün də davam edir. Bəzən lap gec-gec görüşsək də, elə bilirəm ki, elə bir yerdəyik, elə dünən görüşmüşük.
..."Çeşmə"də Paşa tamam fərqli şeirlər oxuyurdu və anındaca bilinirdi ki, o, istedadlı, şeiri-ədəbiyyatı yaxşı bilən, küll halında hazırlıqlı adamdır... Sonralar o, alim kimi də, həkim kimi də, orijinal şair kimi də geniş şöhrət qazandı, Paşa Qəlbinur imzası xalqla doğmalaşdı.
Paşa Qəlbinur görkəmli alimdir.
Paşa Qəlbinur bacarıqlı, məşhur həkimdir.
Paşa Qəlbinur istedadlı yazardır.
Paşa Qəlbinur filosofdur.
Paşa Qəlbinur tanınmış ictimaiyyətçidir.
Həyatda elə insanlar var ki, onların əsas sənət həmkarlarından fərqli bir cəhəti olur; bu insanlar düşüncələri, əməli işləri, fəaliyyətlərinin əhatə dairəsi ilə sənətdaşlarından bir boy uca olurlar. Belə insanlar tarix boyu olub, var və olacaqlar da. Bu gün Əli bəy Hüseynzadə və ya Ziya Bünyadov (və bu sıra insanlardan hər birinin) adı çəkiləndə heç kəs birbaşa ədibi, rəssamı, filosofu, tarixçini... xatırlamır. Bu adların hər biri insanlara ciddi ziyalı obrazını canlandırır. Onlardan birinin adının çəkilməsi bəsdir ki, başqaları sənin söylədiyin sözə, yürütdüyün fikirə inansınlar. Paşa müəllim mənim üçün həmin cərgədə, həmin mərtəbədə dayanan insanların sırasındadır, görkəmli ziyalıların arasındadır, həm də sadəcə və sadə Paşa Qəlbinurdur.
70 yaşın mübarək olsun, Paşa Qəlbinur!