Şair və payız
Bir az darıxmağa başladım yenə..,
elə bil əlimlə vaxtı didirəm...
Payızın ot basmış biçənəyində
dumanın altında bir yol gedirəm.
Səmti itirmişəm, azmışam bəlkə,
gedirəm bəxtəbəxt payız içində.
Hayana getsəm də, fərqi nədi ki,
gəlib qovuşduğum payız köçündə
bu sarı yolların sonu bəllidi...
Payız hicranların ən sevimlisi,
payız həsrətlərin ən gözəlidi,
payız baxışların ən kədərlisi,
payız nəğmələrin ən yanıqlısı,
Payız - sevgilərin dəliqanlısı,
Payızı mən belə sevdim əzəldən!
...Nə qədər gözəlsiz, payız gülləri,
Mən sizə vuruldum hər vaxt təzədən
Qənirsiz, qədirsiz payız gülləri...
...Heç zaman yollardan yorulmadım ki,
Mən yollar keçmişəm saysız-hesabsız...
...Yenə bir-birinə qoşulub gedir Dumanın altında Şair və Payız...
Payız ayrılığı
Payız doluxsunub baxır üzümə,
Elə bil anama nəsə deyəcək...
Anam inanacaq onun sözünə,
Mən deyən yalandı, o deyən gerçək...
Payız deyəcək ki, aldadıb məni,
Deyirdi sevirəm, elçi gəlmədiz,
Adıma söz çıxıb şair oğlunla...
Anam hey baxacaq - bircə kəlməsiz...
Qolunu boynuna salıb payızın,
Anam deyəcək ki, qızım, ağlama,
Ona ki adaxlı axtarıram mən,
Necə gəlməmisən mənim ağlıma?!
Mən bir-iki oxlov çəkərəm indi
Ona - anladaram sənin qədrini..
...Payız deyəcək ki, yox, lazım deyil,
Qoy qalsın, onsuz da qırıb qəlbimi...
Soyuq küləklərlə çıxıb gedərəm,
Baxma saralmışam, qürurluyam mən,
Çox sağ ol, gedirəm, bir ildən sonra
Gəlib öpəcəyəm sənin əlindən...
...Anamın üzünə baxa bilmərəm,
Çaxmaqlar salmamış göydə şaq-şaraq,
O soyuq küləklər gəlməzdən qabaq
Gərək bu yerlərdən çıxıb gedim mən...
Yovşan
Bu qupquru yovşanın qoxusundan
min il o yanın səsi gəlir..,
bu qupquru yovşanı
qoxladıqca
insanın həvəsi gəlir
bir az oxumağa pəsdən,
bir az xatirələrə dalmaq,
bir az da dolmaq,
dolub-daşmaq,
ömürün bu başını o başına-
o başını bu başına daşımaq
həvəsi gəlir,
hər şeyi,
hətta ölən sevgiləri də
yenidən yaşamaq
həvəsi gəlir
bu cadar-cadar şoran
Şirvan küdrüsündə...
Bu küdrünün düzündə
çöl yatıb min ilin yuxusunda,
sonsuzluğun qapısıdı sanki
yovşanın hər dəstəsi...
Bu qupquru yovşanın qoxusundan
aşıq Şakirin səsi gəlir -
"Şirvan şikəstəsi"...
Mənim adım
O cür sərt qışlardan keçib gəldim,
O cür acı sazaqlardan keçib gəldim.
O cür uzaqlardan keçib gəldim..,
Vətən ətri gətirdim-
Sevgilərinizin Vətəni
uzaq gəncliyinizdən...
Qoxum tanış gəlirmi?!
Bu qoxudan
və bu qoxunun içindəki yuxudan
gözlərinə yaş gəlirmi?!
Gözlərinə işıq gəlirmi?!
İçindən bir savaş gəlirmi?! -
Taleyə üsyan savaşı!
Canım başdan-başa qoxudu,
hər şeyin qoxusu var orda;
divarı çökmüş məcsiddəki
azan səsi,
anaların uzaaaaq
və dumanlı çöhrəsi,
ilk sevgi,
uzuuun və hüznlü qəbristan yolu,
gözüyaşlı "vağzalı" və
... və hamısı
qoxuya dönüb hopub canıma...
Və bunların hamısı
canımda gah közərir,
gah qaralır kömür kimi...
Yaşanmış ömür kimi acıdı dadım...
Mən yovşanam,
Acı yovşandı mənim adım!