|
|
|
|

XII əsrin ikinci yarısı ədəbiyyat tariximizə və ümumilikdə tarixşünaslığımıza əsasən Xaqaninin və Nizaminin dövrü kimi düşsə də, o dövrün dahi şairləri əslində 4 nəfər idi.
İşə bax ki, zamanın-dövrün özü dahilərin sayına, sanbalına və miqyasına darısqallıq edir: Əbül-üla Gəncəvi, Xaqani Şirvani, Fələki Şirvani və Nizami Gəncəvi.
Bu dörd sima Şamaxı və Gəncədə zamanın eyni parçasında yaşamışlar. Bunlar məlum faktlardır. Amma ən maraqlısı bu dörd dahinin həyatda yollarının kəsişməsi, bir-birini yüksəliş və iflasında birbaşa və dolayısıyla iştirakıdır.
Bəzi ədəbiyyat tarixçiləri yazırlar ki, bizim farsdilli poeziyanın ən böyük nümayəndəsi Əbül-üla Gəncəvidir. Amma, nə yazıqlar ki, bu şairin yaradıcılığı günümüzə həmin təsəvvürü doğruldacaq həcmdə gəlib çatmayıb. Görəsən, niyə? Axı o, bir müddət Şirvanşahlar boyda dövlətin əsas şairi - məlik-üş-şüərası olub və öz dövründə yaradıcılığı geniş yayılıb. Onda bəs necə olub ki, belə məşhur şairin yaradıcılığı hardasa itib-batıb? Bəlkə məhv edilib? Düşünülmüş şəkildə, bədxahcasına məhvə məruz qalıb, intriqaların qurbanı olub? Dəqiq demək çətindir.
Məsələ burasındadır ki, bu böyük şairlərin münasibətləri heç də birmənalı olmayıb və aradakı gərginliklərdə saray əhli, xüsusən hökmdarlar mühüm rol oynayıb.
...Əbül-Üla gözdən salınır, məlik-üş-şüəralıqdan və saraydan kənarlaşdırılır. Yerinə onun yetişdirib-tanıtdığı Xaqani təyin olunur... Fələki daha əvvəl saraydan uzaqlaşdırılıb... Əbül-üla və Xaqaniylə heç düz gəlmir. Arada məhəbbət məsələsi var. Lakin artıq Fələki hər şeyini itirib, nüfuzdan salınıb, tez-tez zindana atılır və... “Həbsiyyə”lər yazılır... Xaqani sarayda gənc Şirvanşah tərəfindən açıq-aşkar təhqir olunur. “Leyli və Məcnun”u yazmaq, Xaqani boyda nəhəngin başı üzərindən, o zamanlar təzə-təzə tanınan gənc Nizami Gəncəviyə sifariş edilir. Bu, Xaqaninin çıxdaş edilməsi demək idi. Şirvanşahdan sonra, Dərbənd hakimi də Nizamiyə sifarişlər yollayır. Zaman Nizaminin xeyrinə işləyir...
İllər, qərinələr, əsrlər keçir. Ötüb-keçən zaman özü də bu dahilərlə elə bil hökmdarların tərzincə rəftar edir... Əbül-ülanın yaradıcılığından tutarlı, ciddi nəsə qalmır... Fələkinin sənət irsi də sanki canını tapşırdığı Şabran zindanının nəmli qaranlıqlarında qərq olur. Böyük Şeyxin ulduzu isə daima parlaqdır. Qaldı Xaqani...
Barışmaz, əyilməz, döyüşkən Xaqani elə xarakterinin qurbanı olur: məlik-üş-şüəraliqdan uzaqlaşdırılır, Şabranda dərin zindana salınır. Sonra qürbət. Öz vətənində urvatdan salınan bu dahi şair səyahət etdiyi ölkələrin hamısında hökmdarlardan lütfkarlıq görür, saraylarda yüksək məqamlara təklif alır. Dünyasını dəyişdikdə ana yurdu Təbrizdə ən böyük məqbərələrdən biri onun adına tikilir. Vaxtilə öz evində - öz elində layiqincə qiymətləndirilməsə də, Xaqani elə böyük şairdir ki, ardınca gələn bütün böyük şairlərə - Şeyx Nizamidən Mikayıl Müşfiqəcən - ciddi təsir göstərib.
Bütün bura qədər söylədiklərim əslində məlum həqiqətlərdir. Lakin bunları bir daha xatırlatmaqda məqsədim var: Xaqani artıq neçə onillikdir ki, öz elində də qiymətləndirilir, adı uca tutulur, yaradıcılığı, bəlkə tam arzuedilən miqyasda olmasa da, çap və təbliğ edilir.
Və indi beş ildir ki, Şabranda Xaqani Poeziya Günləri keçirilir. Burada Xaqani Poeziya Evi tikilib, şairin möhtəşəm abidəsi ucaldılıb. Xaqani Poeziya Günlərində, bu il də daxil olmaqla, bir neçə dəfə iştirak etmişəm. Deyim ki, kifayət qədər məzmunlu və maraqlı tədbirlər olub. Şabran Rayon İcra Hakimiyyətinin təşəbbüsü, təşkilatçılığı ilə gerçəkləşən bu tədbirlərdə rayonun başçısı Novruz Novruzov şəxsən iştirak və çıxış edir. Bu isə rayonda təkcə klassik irsimizə yox, həm də çağdaş ədəbi mühitə olan diqqətdən xəbər verir. Xaqani Poeziya Günləri bu ildən Azərbaycan Yazıçılar Birliyi ilə Şabran RİH-in birgə tədbiri kimi daha yüksək statusda davam etdirilir. Builki tədbirdə AYB sədri, Xalq yazıçısı Anarın, millət vəkillərindən yazıçı Aqil Abbasın, professor Nizami Cəfərovun, tanınmış qələm adamları İradə Tuncayın, Adil Cəmilin, Elçin Hüseynbəylinin (o həm də AYB-də yaradılmış Xaqani Poeziya Günləri komissiyasının sədridir), Qəşəm Nəcəfzadənin, Ayaz Arabaçının iştirakı tədbirin getdikcə daha böyük miqyas aldığını göstərir. Yerli qələm sahiblərindən tanınmış yazar Aydın Tağıyevin, Aybəniz Əliyarın, Qafarın maraqlı çıxışları bu tədbirlərin onların yaradıcılığına da müsbət təsir etdiyini, göstərilən diqqətdən məmnun qaldıqlarını büruzə verir. Bir xoş xəbər də AYB-nin Şabran bölməsinin açılması barədə Birlik rəhbərliyinin anons məzmunlu açıqlamasıdır.
Təbii ki, bu da, belə deyək, Xaqaninin sayəsində olur. Deməli, bununla həm də Xaqaniyə bir daha diqqət yönəldilir. O böyük şairin günümüzə, çağdaş mühitimizə bir qayıdış yolu da beləcə açılır. Uğurlu olsun!



