
Bakıda gecə klubunda partlayış nəticəsində hazırda ölənlərin sayı 1 nəfərdir.
525.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun yaydığı məlumatda bildirilir.
Hadisə zamanı həyatını itirən şəxs gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundovadır.
"37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan dördünün vəziyyəti çox ağır qiymətləndirilir. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib", - qeyd olunub.
***
Fövqəladə Hallar Nazirliyi Bakıda gecə klubunda baş verən partlayışda zərər çəkənlər barədə məlumat yayıb.
Nazirlikdən 525.az-a daxil olan məlumatda deyilir:
“Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda yanğın və dağıntı ilə nəticələnmiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən həyata keçirilən axtarış-xilasetmə əməliyyatı başa çatıb.
Hadisə yerində həyata keçirilən kəşfiyyat tədbirləri nəticəsində dağıntılar altında aşkar olunmuş 1 nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Axtarış-xilasetmə əməliyyatına FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təlim keçmiş axtarış itləri də cəlb olunub”.



