
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Litvanın Azərbaycandakı səfirliyinin birgə əməkdaşlığı çərçivəsində “Litva karaimləri ” adlı konfrans və sərgi keçirilib.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva tarixi şəraitlərdən asılı olaraq, bir sıra türk xalqlarının müxtəlif ölkələrə köçərək, orada məskunlaşmasından söz açıb, türk xalqlarının məskən saldığı ölkələrdən biri olan Litvada yaşayan türk etnik kökənli milli azlıqlara – tatar və karaimlərə dövlət səviyyəsində göstərilən müsbət münasibəti yüksək qiymətləndirib: “Təsadüfi deyil ki, ötən il Litvada “Litva tatarlarının ili”, bu il isə “Litva karaimlərinin ili” elan olunub. 2021-ci ildə Fond ilə Litva Respublikası arasında Litva tatarlarının və karaimlərinin tarixi, mədəni irsinin qorunması və təbliği məqsədi ilə Əməkdaşlıq memorandumu imzalanmışdı”.
Rəhbərlik etdiyi fondun “Litva karaimlərinin ili”nin açılışı çərçivəsində keçirdiyi tədbiri xatırladan G.Əfəndiyeva tədbirin Litva Respublikasının Birinci xanımı Diana Nausedienenin Fondu ziyarət etməsilə gerçəkləşdiyini bildirib: “Diana Nausediene ilə biz xalqlararası inteqrasiyanın önəmindən, hər bir xalqın ümumbəşəri irsə bəxş etdiyi töhfələrdən, multikultural və tolerant dəyərlərin əhəmiyyətindən bəhs etdik, Litvanın Azərbaycandakı səfirliyi ilə birgə əməkdaşlıq çərçivəsində karaimlərə həsr etdiyimiz sərgiyə baxış keçirdik”.
Litva Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Egidius Navikas Fondun bir sıra birgə layihələrinin həyata keçirilməsinin önəminə toxunaraq, uğurlu əməkdaşlıqdan böyük məmnunluq duyduğunu dilə gətirib.
Litva Karaimləri Mədəniyyət Assosiasiyasının sədri Karina Firkaviciute karaimlərin qədim tarixi, mədəniyyəti barədə məlumat verib, rəhbərlik etdiyi icmanın gördüyü işlərdən danışıb.
Tədbir çərçivəsində karaimlərin adət-ənənələrini, yaşayış tərzini, milli geyimlərini əks etdirən rəsmlərdən ibarət sərginin açılışı da olub. Sərgi Litva karaimlərinin sənətçiləri Rytas Linge və Augusta Firkovicin ifasında karaimlərin milli musiqi və mahnıları səsləndirilib.




