
II Qarabağ savaşı - Vətən müharibəsinə, xalqla dövlətin monolit birliyi və müzəffər Azərbaycan Ordusunun rəşadəti sayəsində qazanılan unikal qələbəyə, Şuşa zəfərinə bir çox ədəbi-bədii əsərlər həsr olunub. "Qarabağ zəfəri Güney və Quzey Azərbaycan yazarlarının gözü ilə" adlı qələbə ətirli, şəhid qoxulu toplu da bu qutsal işə sözün qüdrəti ilə yardımçı olmaq amacı ilə araya-ərsəyə gəlib.
Bu günlərdə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və "Əbədi Turan Kitab Fondu" İctimai Birliyinin təşkilatçılığı ilə "Şuşa İli" çərçivəsində çap edilmiş bu toplunun Bakıdakı 115 saylı tam orta məktəbdə təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Natəvan Əsədova açaraq Vətən müharibəsinə, II Qarabağ savaşının ədəbiyyata yansımasına həsr olunmuş "Qarabağ zəfəri Güney və Quzey Azərbaycan yazarlarının gözü ilə" toplusunun, nəşrin müəllifinin və nəşrin tanıtımında bir vəsilə olacaq tədbirin önəmindən qısaca söz açıb. N.Əsədova kitabın tərtibçisi, ön sözünün müəllifi olan AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Güney Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Esmira Fuadın gördüyü dəyərli işlərdən danışıb və sonra sözü ona verib. Esmira Fuad kitabın yaranma səbəbləri, istifadə olunan mənbələr haqqında danışaraq, 44 günlük Vətən müharibəsinin qürürverici sonuclarından, Azərbaycan xalqının və onun yetişdirdiyi cəngavər oğulların, müzəffər ordumuzun rəşadətindən, dünya hərb sənətində yeni səhifə olan Şuşa zəfərindən bəhs edib. E.Fuad vurğulayıb ki, II Qarabağ müharibəsinin, qutsal savaşın yaşatdığı qürür hissləri Quzeydə olduğu kimi, Güney Azərbaycan ədəbiyyatından da yan keçməyib, yazarlar tərəfindən mövzu ilə bağlı yeni-yeni əsərlər qələmə alınıb və ədəbi proses bu gün də davam edir. Bu möhtəşəm qələbəyə - Qarabağa-Şuşa zəfərinə həsr olunmuş əsərlərdən ibarət "44 günlük Vətən Müharibəsi Güney Azərbaycan ədəbiyyatında" və "Qarabag zəfəri Güney və Quzey Azərbaycan yazarlarının gözü ilə" adlı iki toplu hazırlayıb çap etdirdiyini diqqətə çatdırıb: "Birinci topluda, adından da göründüyü kimi, yalnız Güney şairlərinin II Qarabağ savaşı, Şuşa haqqında yazdığı əsərləri, ikincidə isə iki imperiya dövləti-İran və Rusiya arasında bölüşdürülmüş Azərbaycanımızı heç deyilsə, ədəbi müstəvidə birləşdirmək amacı ilə həm Güney, həm də Quzey yazarlarının qələmə aldıqları qələbə ətirli, şəhid qoxulu əsərlərdən seçmələri toplayıb yayına verdim və əlinizdəki çox dəyərli bir mənbə araya-ərsəyə gəldi".

Qeyd olunub ki, topluda N.Həsənzadə, S.Rüstəmxanlı, R.Yusifoğlu, F.Əzizbəyli, K.Abiyeva, R.Qusarçaylı, Ş.Şahin, S.Arazlı Özgün, İ.Qəhrəman, K.Kərimli, T.Kərimli, R.Məcid, K.Hacı, E.Piri, E.Uğur, E.Barat, Z.Bayramlı, V.Əhməd, B.Sadiqlə yanaşı, əslən Güneydən olan K.Qəhrəmanoğlu, B.M.Elçibəy, R.Qədiri, Ə.Fəxr, K.Xiyav, F.Əsğərniya-S.Sonay, M.Şeyxpur, R.İ.Azərin də əsərləri var: "Bu birlik, vəhdət Kəmalə Abiyevanın "Qələbədir adın", Sabir Rüstəmxanlının "Qarabağa dönüş", Balayar Sadiqin "Zəfər simfoniyası", Ramiz Qusarçaylının "Vətən" əsərlərindən də boy verir. Buradakı bir sıra əsərlərdə Əbədi Turan idealının gerçəkləşdirilməsinə, Türk yurdlarının birliyi-Turana doğru açılan məfkurəvi bir istiqamətin də üfüqləri aydın görünür.
Zirvələrə qalxınca gücümüz oyanacaq
Bu güc tarixdən gələn ulu Turan gücüdür!
Savalandan Tanrıya, Ağrıdan Altaylara
Min illərlə var olan bir qəhrəman gücüdür...
Gələcək nəsillərə əmanət etmək üçün üzündə təbəssüm, dodağında gülüş şəhadətə ucalan və düşmənlə şir kimi döyüşən Qəhrəmanları olan xalqı, dövləti isə heç bir güc, düşmən sarsıda bilməz... Demək ki, estafet etibarlı əllərdə, güvənli oğul və qızların çiyinləri üzərindədir".
Daha sonra topluda yer alan, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda köklənməsinə böyük təsiri olacaq şeirlər məktəblilər dilindən məhəbbətlə, yüksək emosionallıqla səslənib.
Tədbirdə iştirak edən Rafiq Yusifoğlu, İlham Qəhrəman, Kəmalə Abiyeva, Aysel Aydın Əlizadə, 182 saylı tam orta məktəbin direktoru Zinyət Tağızadə və başqaları çıxış edərək toplu ilə bağlı dəyərli fikirlər söyləyiblər.



