
Şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Şair Təbibin akademik Yusif Məmmədəliyevə həsr etdiyi "Yusif zirvəsi" poeması işıq üzü görüb. Əsərdə böyük alimin uşaqlıq illərindən ömrünün sonunadək şəxsi həyatında və yaşadığı mühitdə baş verən hadisələr vəhdət şəkildə həssaslıqla qələmə alınıb.
Qədim Ordubadın qarlı qış günü
Bir korpə dünyaya açdı gözünü -
ifadəsi ilə şair sanki o körpənin gələcəkdə hansı qarlı, çovğunlu yollardan keçəcəyindən xəbər verir.
O körpəni görən gözlər sevindi,
Dərələr, təpələr, düzlər sevindi.
Bərəkətli bağlar xoş gəldin dedi,
Buz bulaqlı dağlar xoş gəldin dedi -
misraları isə qəhrəmanın insana və təbiətə sonsuz məhəbbətini ifadə edir.
Əsərdən görünür ki, Yusif Məmmədəliyev xüsusi istedada malik olduğunu məktəb yaşlarından büruzə verir, ailəsi ilə Təbrizə köçəndə də orada müəllimlər ona valeh olur.
İrandakı inqilab onun yaddaşında dərin izlər buraxır.
Ordubadda orta məktəbi bitirərərək Bakı və Moskvada yorulmadan kimyaya böyük sevgi ilə ali təhsil alır, elmin fədaisi - böyük alim olur.
Akademik Yusif Məmmədəliyevin Nobel mükafatına namizədliyi irəli sürülsə də, iblislərin qərəzli yanaşması işə mane olur. Fəqət o, getdiyi yolda daim yüksəlir:
Zirvələrə doğru hey yüksəlirlər
Elmi çox dərindən duyan dahilər,
Deyirlər dünyaya az-az gəlirlər
Zamanı arxada qoyan dahilər.
Həyatını xalqa, vətənə, elmə həsr edən dünya şöhrətli azərbaycanlı alim, akademik Yusif Məmmədəliyev bir qış günü əbədiyyətə qovuşur. Lakin müəllifin də haqlı olaraq əsərdə vurğuladığı kimi:
Yurdunun başını uca eyləyən,
Çiynində el yükü daşıyan ölmür.
Əsil insan kimi sözünü deyən,
Vətən, xalqı üçün yaşayan ölmür.
Fuad HÜSEYNOV



