
Bakıda 12-ci Avropa Film Festivalının açılışı olub. 525.az xəbər verir ki, 14-25 noyabr tarixlərində keçiriləcək tədbiri Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi, quruma üzv dövlətlərin Bakıda akkreditə olunmuş səfirlikləri, Landmark Biznes Mərkəzi və “CinemaPlus” kinoteatrlar şəbəkəsinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
Festivalın açılışında çıxış edən Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko deyib ki, bu, pandemiyadan sonra keçirilən ilk festivaldır: “Çox şadam ki, hər il keçirilən Avropa Film Festivalını biz bu il böyük ekranlara geri gətirə bildik. Bu, “Avropa Komandası” çətiri altında Aİ və Aİ-yə üzv dövlətlərin Azərbaycanda ənənəvi və tanınmış təşəbbüslərindən biridir. Biz azərbaycanlı tamaşaçılara Avropanın ən yeni filmləri, mədəniyyəti və dəyərləri haqqında daha çox məlumat əldə etmək, müzakirələrdə iştirak edib əlaqələr qurmaq imkanı vermək istəyirik”.
Səfir əlavə edib ki, proqrama Avropa İttifaqına üzv olan 11 ölkədən (Çex Respublikası, Almaniya, Estoniya, Fransa, Xorvatiya, Latviya, Litva, Macarıstan, Rumıniya, Slovakiya, İsveç) və Ukraynadan 12 filmin nümayişi daxildir.
Diplomat deyib ki, Ukrayna Avropa dəyərlərini bölüşür: "Ukrayna hələ ki, Aİ üzvü olmasa da, Avropa ailəsinin bir hissəsidir".
Çexiyanın Azərbaycandakı səfirinin müavini Daniel Putik açılışda nümayiş
olunan ölkəsinin istehsalı olan film barədə məlumat verib.
Bildirib ki, 80-ci illərin sonlarından bəhs edən tragikomediya janrında olan film bir binada yaşayan qonşulardan bəhs edir.
Sonra çexiyalı rejissor Jiri Havelkanın 2019-cu ildə lentə aldığı “Sahiblər” tragikomediyası göstərilib.
Qeyd edək ki, festivalda Avropa kinematoqrafiyasının ən son tendensiyaları - dram, komediya, tarixi, sənədli və s. janrlarda filmlər nümayiş etdiriləcək.
Filmlər orijinal dildə, əsasən ingilis, həmçinin Azərbaycan və türk dillərində subtitrlərlə təqdim olunacaq.
Filmlər “Landmark” -CinemaClub, “Deniz Mall” - CinemaPlus kinoteatrında nümayiş etdiriləcək.
Avropa Film festivallarının ənənəsinə sadiq qalaraq, “yer birinci gələnindir” prinsipi ilə bütün filmlərə giriş pulsuz olacaqdır.
Qeyd edək ki, 2010-cu ildən başlayaraq Avropa Film festivalları çərçivəsində indiyədək 158 film nümayiş olunub.




