
“Sahibkarlar üçün gömrük xidmətindən istifadə edən zaman ən mühim meyarlar daha az günün tələb olunması və xərclərin azlığı olur. Amma Dünya Bankının son hesabatı göstərir ki, Azərbaycanda gömrük xidməti üzrə bu meyarların təkmilləşdirilməsinə ehtiyac var. Belə ki, ixrac üçün tələb edilən xərc Azərbaycanda 214 dollar olduğu halda, bu məbləğ Avropa və Orta Asiya regionunda 150, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatına (OECD) üzv ölkələrdə 136 dollardır. Uyğun olaraq idxal üçün Azərbaycanda 300, regionda 159, OECD ölkələrində 98 dollar tələb olunur. Bu isə deməkdir ki, yeni dəyişikliklər günlər ilə yanaşı xərcin də məbləğini azaltmalıdır”.
525.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib. Millət vəkili qeyd edib ki, bütövlükdə, gömrük dəyərinin müəyyənləşdirilməsində subyektivliyin aradan qaldırılması vacibdir. Bu meyarların institutlaşması və daha çox qanunverici norma kimi tənzimlənməsi məqsədəuyğundur. Bu gömrük proseduralarının daha da sadələşdirilməsinə səbəb ola bilər:
“Məsələn, dünyanın ən böyük pərakəndə satış şəbəkəsi olan “Wall Mart” çox həcmli sifarişlər əsasında daha ucuz məhsulları idxal edə bilir. ABŞ-da gömrük dəyəri prinsipindən istifadə olunsaydı o zaman “Wall Mart” kimi şəbəkələr inkişaf edə bilməzdi.
Digər məqam Gömrük xidmətlərinin fiskal deyil, daha çox iqtisadi və təhlükəsizlik funksiyaları yerinə yetirməsi ilə bağlı oldu. Belə ki, ABŞ-da hazırda ümumi fiskal gəlirlərin yalnız 3.3, Avropa İttifaqında 1.2 faizi gömrük gəlirlərinin payına düşür. İnkişaf etmiş ölkələr üçün artıq gömrük sisteminin fiskal funksiyası aparıcı hədəf deyil”.
V.Bayramov vurğulayıb ki, bir sıra şəhərlərdən Bakıya təyyarə ilə səfər edənlərin hammısının qırmızı dəhlizdən istifadə etməsi tələb olunur. Belə olan halda yaşıl dəhlizə nə ehtiyac var? Ölkəyə gələn əcnəbi üçün ilk münasibət çox önəmlidir:
“Vətəndaşlarımızın rahat keçidi ilə yanaşı bu baxımdan da yaşıl dəhlizin funksiyalarının tam bərpa olunması vacibdir”.
Sevinc Qarayeva



