
Biznesə sıfırdan necə başlamaq olar? Bunun üçün hansı meyarlara əsaslanmaq lazımdır? Bu gün öz biznesini qurmaq istəyən, lakin haradan başlayacağını və hansı biznes sahəsini seçəcəyini bilməyən hər kəsi düşündürən birinci sual budur.
İlk növbədə, sahib olduğumuz bilik, təcrübə və maraqları əsas götürmək lazımdır. Müasir biznes həm oflayn, həm də onlayn formada həyata keçirilir. Fəaliyyət növünü seçərkən biznesin əsasən 3 sahəyə - istehsal, ticarət və xidmət sektoruna diqqət yetirmək vacibdir. Fəaliyyət sahəsini seçdikdən sonra biznes planının yaradılması mərhələsi gəlir.
Uzun illərdir, sahibkarların ən çox istifadə etdiyi biznes vasitələrindən biri sosial mediadır. Əvvəllər ancaq minimum imkanlardan istifadə edirdilər, yəni biznes üçün xüsusi imkanlar yox idi. Müasir dövrdə isə sosial şəbəkələr bu mühitdə əhəmiyyətli dəyişikliklərə yol açıb və indi bir çoxları öz biznesini məhz sosial platformalar vasitəsilə qurur. Sosial şəbəkələr milyonlarla və hətta milyardlarla potensial alıcının oturduğu yerdir desək, yanılmarıq. Bununla belə, sosial şəbəkələrin üstünlükləri olduğu qədər mənfi tərəfləri də az deyil. Buna görə də feysbuk, instaqram və tviterdə biznes səhifəsi yaratmazdan əvvəl platformanı A-dan Z-yə qədər öyrənməli, irəli getmək üçün hansı vasitələrdən bəhrələnməyi, yaxud da hansılardan imtina etməyi öyrənmək çox vacibdir.
Beynəlxalq Əmək Təşkilatının biznes təlimçisi, sosial araşdırmaçı Orxan Şahbazın "525"ə açıqlamasında bildirdiyinə görə, burada ən vacib məsələ biznesin təsviri və qurulması prosesidir: "Bu zaman tədarük planının hazırlanması, maya dəyərinin hesablanması, satış və marketinq sisteminin yaradılması məhsul və ya xidmətlərin bazardakı yerinin doğru müəyyənləşdirilməsi kimi detallara diqqət yetirmək lazımdır. Bir çox xırda detallar var ki, biznesin təşkilində önəmli rol oynayır. İdarəetmədə ən önəmli detal bazarda beynəlxalq sistemdən əlavə, Azərbaycan sisteminə də nəzər yetirməkdir. Çünki beynəlxalq sistemdə olan hər məhsul Azərbaycanda satılmadığı kimi, Azərbaycanda satılan hər məhsul da beynəlxalq sistemə çıxmır. Buna görə insanların psixologiyasının, alıcılıq qabiliyyətinin müəyyən olunması çox önəmlidir. Bütün uğursuzluqlar eynidir, amma bütün uğurlar fərqli olur. Mən uğur anlayışını hər kəsin öz istəklərinə çatması kimi qiymətləndirirəm. İnsanlar düşünürlər ki, pul olsaydı, nəsə eləyərdim, amma nəsə eləyib sonra pul axtarmağı düşünmürlər. Bu, insanların çatışmayan cəhətidir".
Bir çox insan öz biznesini qurmağın və yaxşı pul qazanmağın xəyalı ilə yaşayır. Öz biznesini qurmaq üçünsa perspektivli ideyası lazımdır. Əgər belə bir ideya, fikir yoxdursa, gəlirli və səmərəli iş qurmaq çətin məsələdir. Bəs bizneslə bağlı ideyanı haradan əldə etmək olar? Əgər bir öz adam biznesinizi qurmaq üçün ideya tapmaqda çətinlik çəkirsə, biznes ideyası seçimlərinə baxmaq məsləhət görülür. Bunun üçün işə başlamazdan öncə yaxşı düşünmək və götür-qoy etmək lazımdır.
Havar ŞƏFİYEVA



