
Neçə illərdir ölkəmizim inşaat sektorunda böyük canlanma var. Təsadüfi deyil ki, son illər tikilən evlərin keyfiyyəti artır, müxtəlif konsepsiyalı layihələr həyata keçirilir. Tikinti şirkətləri biri-birindən cəlbedici şərtlər təklif etdiyindən, potensial alıcı üçün seçim etmək çətinləşir.
Mənzil alışı prosesindəki ən vacib məsələlərdən biri şirkətin etibarlılığıdır. Vətəndaş xüsusilə də yeni binadan mənzil almağa hazırlaşırsa, layihənin sahibi olan şirkəti hərtərəfli araşdırmalıdır. Araşdırma zamanı isə mütləq şirkətin köhnə layihələrinə nəzər salmaq lazımdır. Bundan əlavə, həmin şirkətdən mənzil alan şəxslərin hansı problemlərlə qarşılaşdıqları və bu problemlərin necə həll edildiyi kimi məsələləri də qiymətləndirmək məsləhətdir.
Azərbaycan Qiymətləndirmə Cəmiyyətinin sədri, iqtisadçı ekspert Orxan Oruc "525"ə açıqlamasında mənzil alqı-satqısı zamanı vətəndaşlara mülkiyyətçi ilə birbaşa əlaqəyə girmələrini tövsiyə edir: "Mənzil alarkən ikinci və üçüncü şəxslər mənzillər barədə alıcıya yetərli məlumatlar vermək imkanına malik olmurlar. Ya bu informasiyalar şişirdilmiş formada, ya da müəyyən çatışmazlıqlarla müştəriyə çatdırılır. Bu da alıcının maraqlarına cavab vermir. Bu baxımdan həm mənzillərin alqı-satqısı, həm də kirayəyə götürülməsi zamanı mülkiyyətçi ilə birbaşa təmasın çox böyük önəmi var. Mənzil müqavilə ilə birbaşa MTK-lardan alınırsa, sənəddə olan sahələr dəqiqləşdirilməlidir. Çox vaxtı vətəndaşlara şişirdilmiş sahələr təqdim olunur və sonradan dövlət qurumlarının çıxarış verdiyi zaman vətəndaş dilemma qarşısında qalır. Müqavilələrdə sahələr yüksək göstərildiyi halda çıxarışlarda aşağı sahələr göstərilir. Qərb dövlətlərində, ümumiyyətlə, müasir dünyada bu ənənə var. Əgər bir nəfər mənzil almaq istəyirsə, ilk növbədə şirkətə müraciət edir. Şirkət həm müştəriyə arzuladığı kriteriyalara cavab verən təkliflər təqdim edir, həm də alqı-satqı prosesini öz üzərinə götürmüş olur. Vətəndaş müraciət edəndə mənzilin üstünlükləri və ya çatışmazlıqları barədə yalnız ilk baxışdan vizual görüntü ilə informasiya əldə edir. Ona görə də mütləq müvafiq şirkətlərdən yardım alınmalıdır. Bu gün ölkənin hüquq-mühafizə orqanlarına edilmiş şikayətlərin əksəriyyəti məhz fırıldaqçılıq zəminində olan şikayətlərdir. Şirkətlər bir çox hallarda vergidən yayınmaq üçün vətəndaşlarımıza real qiymətlərini göstərmirlər. Bu da çox ciddi problemlərin ortaya çıxmasına səbəb olur və ən böyük fırıldaqlıqlar məhz belə hallarda meydana gəlir".
Havar ŞƏFİYEVA



