
Avropa İttifaqına üzv olan 27 ölkənin enerji nazirləri Avropada enerji böhranına qarşı alınacaq tədbirlər və idxal olunan təbii qazın qiymət həddini müzakirə etmək üçün Brüsseldə bir araya gəlib.
525.az xəbər verir ki, Çexiyanın sənaye və ticarət naziri və Aİ-nin müvəqqəti prezidenti Yozef Sikela görüşün açılışında: "Avropadakı əhalini və müəssisələri keçən yay gördüyümüz qazın yüksək qiymət artımlarından qoruyacaq mexanizm üzərində razılığa gəlməliyik", - deyə bildirib.
"Mən bu gün razılığa gəlməməyimiz üçün heç bir səbəb görmürəm", - deyən Yozef Sikela xatırladıb ki, Aİ ölkələrinin liderləri də keçən həftə keçirdikləri sammitdə enerji nazirlərini qazın qiymət həddi ilə bağlı razılığa çağırıblar.
Bəzi Aİ ölkələrinin qaza qiymət həddinin tətbiqinin nəticəsində Avropa bazarında rəqabət qabiliyyətini itirəcəyindən və qaz qıtlığı yaşanacağından narahat olduqlarına diqqət çəkən Sikela, təbii qaza qiymət həddinin işə yaramayacağı təqdirdə buna son verəcəklərini qeyd edib.
Aİ Komissiyası da ötən ay bazarlarda qaz qiymətlərinə “qiymət həddi” kimi tanınan korreksiya mexanizminin tətbiq edilməsini təklif edib.
Həmçinin, hazırda Almaniya, Niderland, Avstriya, Danimarka və Macarıstan kimi ölkələr yuxarıda qeyd olunan qaza “qiymət həddi” mexanizmindən kənarda qalırlar. Buna səbəb isə, bu ölkələrin qiymət həddinin tətbiqinin Avropaya qaz nəqlini azaldacağından ehtiyat etmələridir.
Fərid Sançar



