
Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin sabah taxıl sazişi ilə bağlı Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndələri ilə onlayn görüş keçirəcəklərini açıqlayıb.
525.az xəbər verir ki, Verşinin Türkiyə, Ukrayna, Rusiya və BMT arasında bağlanan taxıl daşınması müqaviləsi ilə bağlı Rusiya mətbuatına açıqlamalar verib.
Sözügedən razılaşma ilə bağlı Rusiya və BMT nümayəndələri arasında görüşün keçiriləcəyi barədə məlumatı paylaşan Verşinin: "Sabah video konfransımız var. Yanvarda çox güman ki, üzbəüz görüş olacaq. Belə danışıqları davam etdirəcəyik”, - deyib.
Verşinin görüşdə BMT Ticarət və İnkişaf Konfransının (UNCTAD) baş katibi Rebeka Qrinspan və BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffitsin də iştirak edəcəyini bildirib.
"Əlbəttə, biz sazişin təfərrüatlarını və onun iş prosesini nəzərdən keçirəcəyik. Biz BMT nümayəndələrini mümkün qədər enerjili və səmərəli işləməyə məcbur edəcəyik. BMT Rusiyanın kənd təsərrüfatı məhsullarının maneəsiz çıxışı ilə bağlı bu sazişdəki öhdəliklərini yerinə yetirməlidir”, - Rusiya xarici işlər nazirinin müavini deyib.
Dekabrın 8-9-da İstanbulda Türkiyə xarici işlər nazirinin müavini səfir Sedat Önal və Verşinin başçılıq etdiyi nümayəndə heyətləri arasında Türkiyə ilə Rusiya arasında siyasi məsləhətləşmələr keçirilib. Görüşdə taxıl müqaviləsi də müzakirə olunub.
Qeyd edək ki, İstanbulda Türkiyə, Ukrayna, Rusiya və BMT arasında taxıl daşınması müqaviləsi bu ilin iyul ayının 22-də imzalanıb.
Malik Atilay



