
İqtisadiyyat naziri Mikayıl Cabbarov Serbiyanın Baş nazirinin müavini, maliyyə naziri Sinişa Mali və mədən və energetika naziri Dubravka Djedoviçlə görüşüb.
525.az nazirliyə istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Serbiya münasibətlərinin, siyasi-iqtisadi əlaqələrin inkişaf etdiyi vurğulanıb.
Bildirilib ki, ölkələrimiz arasında çoxşaxəli müqavilə-hüquq bazası yaradılıb ki, bu da iqtisadi gündəliyimizin genişlənməsinə və potensialımızın reallaşdırılmasına möhkəm zəmin yaradır. İqtisadiyyat naziri ölkəmizdə aparılan iqtisadi islahatlar barədə məlumat verib, ticarət, investisiya, sənaye, energetika, kənd təsərrüfatı, nəqliyyat, turizm, İKT sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu vurğulayıb və bu sahələrdə əlaqələrin genişləndirilməsinə dair fikirlərini bölüşüb.
S.Mali ölkəsinin Azərbaycanla tərəfdaşlıqda maraqlı olduğunu qeyd edib, iqtisadi əməkdaşlığın perspektiv istiqamətləri barədə danışıb. D.Djedoviç isə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın həyata keçirdiyi layihələrin əhəmiyyətindən bəhs edib, bu günlərdə Rumıniyada imzalanmış "yaşıl enerji" ilə bağlı Sazişin önəmini qeyd edib.
Tərəflər ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, investisiyaların təşviqi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıblar.
XXX
Azərbaycanla Serbiya arasında qarşılıqlı investisiyanın təşviqi müzakirə edilib.
525.az xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.
"Serbiya Baş nazirinin müavini, maliyyə naziri Sinişa Mali və mədən və energetika naziri Dubravka Djedoviç ilə ölkələrimiz arasında uğurlu əməkdaşlıq, iqtisadi, ticarət əlaqələrinin genişləndirilməsi və qarşılıqlı investisiyaların təşviqi barədə fikir mübadiləsi aparılıb", - nazir bildirib.



