
Pandemiyadan sonra dünyada kənd təsərrüfatının üzləşdiyi ən böyük problem iqlim dəyişikliyidir. Ekstremal hava hadisələri məhsuldarlığı və sektorun ümumi dayanıqlığını təhdid edir. Kənd təsərrüfatı bir çox cəmiyyətlər tərəfindən dəstəklənir və bu da qlobal ərzaq bazarına müəyyən təsir göstərir. Məhsuldarlığını artırmaq üçün təsərrüfatların genişləndirilməsi tələb olunur. Dövlətlər kənd təsərrüfatı ilə bağlı bir çox planlar, layihələr həyata keçirir ki, onlardan biri də güzəştli kreditlərin verilməsidir.
Son ilyarım-iki ildə büdcə gəlirlərində müşahidə olunan azalma, manatın devalvasiyası nəticəsində bank sektorunda yaranan durğunluq valyuta risklərini də xeyli artırıb. Bank aktivlərinin dollarlaşdırılması kiçik və orta biznesin (KOB) inkişafı üçün ən çox tələb olunan aşağı faizli kreditlərin verilməsi imkanlarına son dərəcə mənfi təsir göstərib. Bir çox bankların hesablarında və kassalarında minimum normativ tələblərdən dörd dəfə yüksək olan likvid vəsaitlər var. Aydındır ki, həddindən artıq likvidlik bankların gəlirliliyinə mənfi təsir göstərir. Lakin indiki vəziyyətdə ən arzuolunmaz cəhət odur ki, banklar real iqtisadiyyatın, ilk növbədə aqrar sektorun kreditləşdirilməsinə o qədər də maraq göstərmir. Bankların bu cür ehtiyatlı davranmasının əsas səbəbi fermer təsərrüfatlarına kredit verilməsində risklərin yüksək olması ilə bağlıdır.
Beynəlxalq Maliyyə Təşkilatının ekspertlərinin hesablamalarına görə, Azərbaycanda kənd təsərrüfatına yararlı torpaqların 75 faizi kiçik fermerlər tərəfindən istifadə olunur ki, onların də hər birində orta hesabla iki hektar torpaq var. Ölkədə aqrar kooperativlərin inkişafı yeni başlayır və geniş torpaq sahələri, texnika parkı və köməkçi tikililərə malik iri kənd təsərrüfatı müəssisələrinin sayı son dərəcə azdır. Kiçik torpaq sahəsinə malik kəndlilərin əsas hissəsi banklardan lazımi kreditlər almaq üçün kifayət qədər qiymətli və likvid girov təqdim edə bilmirlər. Azərbaycanın riskli əkinçilik zonasında olması vəziyyəti bir qədər də çətinləşdirir. Quraqlıq və suvarma üçün suyun olmaması, şoranlaşma və torpaq eroziyası, vaxtaşırı sel və daşqınlar yerli fermerlərin demək olar ki, hər il üzləşdiyi risklərdəndir. Əlavə risklər, eləcə də sığorta alətlərindən minimal istifadə kommersiya banklarının kənd sahibkarlarını maliyyələşdirmək imkanlarını daha da məhdudlaşdırır.
Təəccüblü deyil ki, Sahibkarlığa Kömək Milli Fondu son on il ərzində kənd biznesinin əsas donoru olub. Fəaliyyət göstərdiyi illər ərzində fondun xətti ilə 150 minə yaxın KOS 2 milyard manatdan çox güzəştli kreditlər alıb.
Bu gün alternativ qeyri-pul alətlərindən istifadə etməklə KOS-ların, ilk növbədə kiçik kənd biznesinin maliyyələşdirilməsinin yeni mexanizmlərinin formalaşdırılmasına ehtiyac var. Azərbaycan hökuməti və parlamenti kiçik biznesin dəstəklənməsi üçün iş adamlarının istifadəsinə hazır mini-layihələrin verilməsini nəzərdə tutan yeni proqramlar hazırlayır. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev hesab edir ki, hazır müəssisələrin idarəetməyə verilməsi SKMF vasitəsilə güzəştli kreditləşmənin alternativlərindən biri kimi görünür. Onun sözlərinə görə, ekspert komissiyasının yaradılması nəzərdə tutulur ki, onun da iştirakı ilə ölkənin hər bir regionunda sahibkarların seçimi aparılacaq. Biznes sahəsində biliyə və öz biznesini idarə etmək bacarığına malik namizədlərlə fərdi müqavilələr bağlanacaq. Onlara birbaşa maliyyə dəstəyi əvəzinə dəyəri on minlərlə manata qədər olan hazır layihələr təqdim olunacaq.
Belə mini-layihələrin əsasən kənd təsərrüfatı istehsalı sektorunu - tərəvəzçilik, bağçılıq, heyvandarlıq, arıçılıq kimi sahələri əhatə edəcəyi nəzərdə tutulur. Məsələn, sahibkara xırdabuynuzlu heyvanlar verilə bilər: bu zaman o heyvanlar onlar nominal olaraq dövlət mülkiyyətində qalacaq, satış və kəsim üçün göndərilə bilməz. Lakin fermer mal-qaranın nəsli, süd məhsulları, qırxılmış yunu ilə bağlı sərbəst sərəncam verə biləcək, uğursuzluq halında isə maliyyə öhdəlikləri ilə yüklənməyəcək, sadəcə kiçik biznesi idarə etməkdən imtina edəcək.
Bəs sahibkarlar kənd təsərrüfatı üçün güzəştli kreditləri necə ala bilərlər? Yeni qaydalara əsasən, fermer güzəştli kredit almaq üçün yaşadığı rayonda banklara müraciət etməlidir. Güzəştli kreditlər almaq üçün fermerlər "Kapital Bank","Paşa Bank","Azərbaycan Beynəlxalq Bankı", "Turanbank", "Rabitəbank" banklara müraciət edə bilərlər.
İqtisadçı Eldəniz Məmmədov "525"ə açıqlamasında ölkəmizin iqtisadi inkişafına nail olmaq üçün ilk növbədə məhz regionlardan başlamağın vacibliyini bildirib: "Bunun üçün kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarların fəaliyyətinə dəstək göstərilməsinə böyük ehtiyac var. Məlumat üçün deyim ki, biznes təsərrüfat subyektlərinə ən çox dəstək göstərən dövlət qurumlarından birincisi Kiçik və Orta Biznesin İnkişaf Agentliyidir. Bu qurum regionlarda müxtəlif layihələrin icrasında həm özü iştirak edir, həm də təşkilatçı olaraq iqtisadiyyata bilavasitə ciddi töhfələr verir. Eyni zamanda, Sahibkarlığın İnkişafı Fondu tərəfindən də sahibkarlara dəstək layihələri həyata keçirilir.
Bankların kənd təsərrüfatında fəaliyyət göstərən sahibkarlara kredit verilməsinə gəldikdə isə, kənd təsərrüfatı çox riskli bir fəaliyyətdir. Banklar riskli sahəyə kredit verməyə o qədər də həvəsli olmur. Çünki kreditin geri dönüşündə problemlər yaranır. Bir tərəfdən də regionlarda kredit götürmək üçün banklara girov lazım olur. Rayonlarda olan daşınmaz əmlakların sənədsiz olması müəyyən kreditləri almaq üçün sahibkarlara problem yaradır. Digər bir məsələ də emal sənayəsidir. Kənd təsərrüfatı məhsullarının xammal olaraq istifadə olunduğu emal sənayesində güzəştlərin tətbiq edilməsinə də ehtiyac var".

Məlumdur ki, dövlət müəyyən kənd təsərrüfatı məhsullarının - meyvə və tərəvəzin ixracına müəyyən şərait yaradır. Geridə qalan illərə nəzər salsaq, bu il qeyri-neft sektoru ümumi ixracın 51 faizini təşkil edir. Bunun içərisində kənd təsərrüfatının payı çoxluq təşkil edir. Həmçinin, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində kənd təsərrüfatı sektorunun inkişafının da çox böyük təsirini görürük. Artıq Qarabağda işğaldan azad olunmuş ərazilərimizin əkinə inteqrasiyası prosesi başlayıb ki, bu da şübhəsiz, kənd təsərrüfatının inkişafına, müəyyən ərzaq artımına səbəb olacaq. Prezidentin imzaladığı, 2022-2026-cı illəri əhatə edən iqtisadi sosial strategiyanda həmin bölgələrdə istehsalın hər il 4 faizin artması nəzərdə tutulub.
Dövlət Məşğulluq Agentliyinin Əmək bazarının təhlili və inkişafı departamentinin müdiri Elman Sadıqov bildirir ki, iqtisadiyyatın əmək bazarına daxil olan işçi qüvvəsinin sayına nisbətən daha az iş yerinin yaradılması kənd təsərrüfatının payına düşür: "2022-2026-cı illərdə sosial-iqtisadi inkşafla bağlı proqramın təmin olunması iqtisadiyyatın müxtəlif sahələrinin, əsasən də kənd təsərrüfatının inkişafına təkan verəcək. Bundan əlavə, özünüməşğulluluq proqramları da var ki, bu proqramlar vasitəsilə insanlar özünə yeni iş qura bilərlər. Özünüməşğulluq tədricən kiçik sahibkarlığa çevrilir. Bu sahədə işəgötürənlərin aktiv olması arzuolunandır, çünki bu, həm də işə götürülənlərin maliyyə yükünün azaldılması və müəyyən təbəqədən olan insanların, o cümlədən, işsizlərin əmək bazarına qazandırılması istiqamətində atılan əsas addımlardan biridir".
Məlumat üçün qeyd edək ki, ötən il Aqrar Kredit və İnkişaf Agentliyi fermerlərə 70 milyon manatdan yuxarı güzəştli kreditlər və mikrokreditlər verib. 2020-ci ildə bu rəqəm daha yüksək - 85 milyon manata yaxın olub. Sahibkarlığın İnkişafı Fondunun 2021-ci ildə sahibkarlara ayırdığı 130,6 milyon manatlıq güzəştli kreditin isə 59 faizi - yəni 77 milyon manatı kənd təsərrüfatı sahəsində çalışanların payına düşüb. Beləliklə, ötən il Azərbaycanda aqrar istehsalçılara verilən güzəştli kreditlərin həcmi 147 milyon manat təşkil edib. Bu isə hazırkı çağırışlar fonunda kifayət qədər kiçik məbləğdir. Bu gün ərzaq təhlükəsizliyinin əsas təminatçısı olan aqrar sahə bütün dünyada dövlətin dəstəyini alır. Azərbaycanda da ərzaq təhlükəsizliyinin təmin olunması vacibdir. Bu mənada kənd təsərrüfatının müasir texnologiyalara əsaslanan intensiv inkişafını təmin etmək üçün dövlətin dəstəyinin xeyli artırılmasına böyük ehtiyac var.
Havar ŞƏFİYEVA



