|
|
|
|
“Məktəbəqədər təhsil müəssisələrində çalışanların mütəmadi olaraq treninqlərdə iştirakı təşkil edilməlidir. Bu sahədə təkmilləşməyə eytiyac var”.
Bu barədə Modern.az-a Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Jalə Əliyeva uşaq bağçalarında kobud rəftar, təlim-tərbiyə ilə bağlı məsələləri şərh edərkən bildirib: “İndi texnologiya əsridir, uşaqlara fərqli yanaşma lazımdır. Baş verən dəyişikliklər uşaqlarımızın psixologiyasında da özünü göstərir. Nəzərə alsaq ki, bağçalarda, eləcə də ata-ana himayəsindən məhrum olan uşaqların yaşadığı intenat evlərində pedoqoji heyətin fəaliyyətində hələ də sovet dövrünün təlim-tərbiyə üsulu tətbiq edilir, mütləq kollektivin təkmilləşməsinə ehtiyacı var”.
Onun sözlərinə görə, uşaqlara, sadəcə davranış qaydaları öyrədilməli deyil, ümumiyyətlə, onlar mili ruhda böyüməli, məktəbə hərtərəfli yetişməlidirlər: “Uşaqlara müəyyən qadağalar qoymaqla onları dar bir çərçivəyə salmış oluruq”.
Deputat hər yerdə olduğu kimi bazar iqtisadiyyatının burda da özünü biruzə verdiyini bildirdi: “Özəl bağçaya gedən uşaqlarla dövlət bağçasına gedən uşaqlar təbii ki, fərqlənir. Maddi imkan burada da özünü göstərir. Hazırda dövlət bağçalarında uşaqlar üçün nəzərdə tutulan oyuncaqlar suvenir kimi rəflərdə qalır”.
J.Əliyevanın fikrincə, özəl bağçaların özəl maraqları var: “Həm tərbiyəçinin, həm müdirin şəxsi marağı əsasında hər şey yüksək səviyyədə təşkil edilir. Məqsəd bağçaya daha çox uşaq cəlb etməkdir. Daha çox uşaq, daha çox pul deməkdir. Dövlət bağçalarında isə hamı maaşla işləyir. Burada keyfiyyəti yüksəltmək üçün nəzarət artırılmalıdır. Sənətini, ixtisasını bilən, uşaqları sevən insanlar cəlb edilməlidir”.