
Rusiya Ticarət Nazirliyi metalın yeni ixrac istiqamətlərini müəyyən edib və tədarük danışıqlarının davam etdiyini bildirib.
525.az xəbər verir ki, Moskva Çin, Türkiyə, Cənub-Şərqi Asiya, Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyinə üzv ölkələr və MDB ölkələrinə üstünlük vermək qərarına gəlib.
Rusiyanın ticarət naziri Denis Manturov açıqlamasında bildirib ki, Rusiya Aİ və ABŞ-ın tətbiq etdiyi sanksiyalara görə Qərb ölkələrinə olan metal ixracatını alternativ bazarlara yönəldəcək.
Moskva metal tədarükünü diversifikasiya etmək üçün prioritet sahələr kimi Çin, Türkiyə, Cənub-Şərqi Asiya, Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyinə üzv ölkələr və MDB ölkələrini seçib. Manturovun sözlərinə görə, ticarət axını Latın Amerikası, Afrika və Yaxın Şərq bazarlarına da yönələcək.
Rusiyanın baş naziri Mixail Mişustinlə görüşündə danışan Manturov: "Müəssisələrimiz artıq ticarət nümayəndə heyətlərinin iştirakı ilə yenidən ixracı yönləndirir", - deyib və əlavə edib ki, dövlət bununla bağlı logistik dəstək tədbirləri görəcək.
Qeyd edək ki, Rusiya mühüm metal istehsalçısı və ixracatçısıdır. “Institut Polytechnique de Paris”in məlumatına görə, ölkə keçən il titan istehsalında 13 faiz, nikeldə 11,2 faiz, platində 10,5 faiz, alüminiumda 5,4 faiz, misdə 4 faiz və kobaltda 4,4 faiz bazar payına sahib olub.
Fərid Sançar



