
Almaniya İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyinin sözçüsü Rusiyanın Rusiya nefti üçün tavan qiymət tətbiqində iştirak edənlərə neft və neft məhsullarının satışına qadağa qoymasının Almaniya iqtisadiyyatı üçün praktik əhəmiyyəti olmayacağını bildirib.
525.az xəbər verir ki, İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyinin sözçüsü Robert Saverin hökumətin həftəlik mətbuat konfransında verdiyi açıqlamada Almaniyanın yazdan bəri Rusiya neftindən imtina etməyə hazırlaşdığını xatırladıb. Saverin, Rusiyanın tavan qiymət tətbiqində iştirak edənlərə neft və neft məhsullarının satışının qadağan edilməsi ilə bağlı: "Mən bunun əlaqəsiz olduğunu söyləmək istəmirəm, amma praktik olaraq heç bir əhəmiyyəti yoxdur", - deyib. Rusiya Prezidenti Vladimir Putinin dünən imzaladığı fərmanla Rusiya neftinə tavan qiymət tətbiqində iştirak edənlərə neft və neft məhsullarının satışı qadağan edilib.
Qeyd edək ki, dekabrın 2-də Avropa İttifaqı (Aİ) ölkələri Rusiyadan dəniz yolu ilə daşınan neftin bir barelinin tavan qiymətinin 60 dollar olması barədə razılığa gəlmişdi.
Məhəmməd Tağıyev



