
Türkiyə ilə Bolqarıstan arasında ildə 1,5 milyard kubmetrə qədər təbii qaz ötürəcək əməkdaşlıq müqaviləsi imzalanıb.
525.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönmez Bolqarıstana səfəri çərçivəsində getdiyi Nazirlər Şurasının Aparatında bolqarıstanlı həmkarı Rosen Hristov ilə görüşüb. Görüşdə iki ölkə arasında təbii qaz sahəsində əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqaviləyə Türkiyənin "BOTAŞ" şirkətinin baş direktoru Burhan Özcan və Bolqarıstan "Bulgargaz"ın baş direktoru Denitsa Zlateva imza atıb.
Nazir Dönmez imzalanma mərasimindən sonra verdiyi açıqlamada 2023-cü ilin iki ölkə arasında əməkdaşlıq, xüsusilə də enerji əməkdaşlığının daha da artacağı bir il olmasını arzulayıb
İmzalanan anlaşma memorandumunun iki ölkə arasında təbii qaz sahəsində əməkdaşlıq və əlaqələri daha da inkişaf etdirəcəyini vurğulayan Dönmez: “Anlaşma memorandumu Balkan coğrafiyasının təbii qaz təhlükəsizliyinin artırılmasında da mühüm addım olacaq. Bu müqavilənin müddəti 13 il olacaq və ildə 1,5 milyard kubmetrədək qaz nəqli olacaq", - deyə qeyd edib.
Fərid Sançar



