
Yaponiya zəif yen və artan enerji qiymətləri ilə 2022-ci ildə ən böyük ticarət kəsiri ilə üzləşib.
525.az xəbər verir ki, Maliyyə Nazirliyinin yenilənmiş ilkin məlumatlarına görə, 2022-ci ildə Yaponiyanın ticarət kəsiri 19,97 trilyon yen (155,2 milyard dollar) olaraq qeydə alınıb. Bu rəqəm müqayisə oluna bilən statistik məlumatların qeydə alındığı 1979-cu ildən bəri ən böyük ticarət kəsiri kimi diqqət çəkib.
Belə ki, il ərzində Yapon yeninin qəfil ucuzlaşması və enerji xərclərinin artması ticarət kəsirinə mənfi təsir edib. Keçən il Yaponiyanın idxalı 39,2 faiz artaraq 118,1 trilyon yenə, ixracı isə 18,2 faiz artaraq 98,1 trilyon yenə çatıb. İdxalda xam neft, kömür və mayeləşdirilmiş təbii qaz, ixracda isə avtomobil və polad məmulatlarının satışı öndə olub.
Qeyd edək ki, Yaponiyanın 2022-ci ilə qədər ən böyük ticarət kəsiri 2014-cü ildə 12,82 trilyon yen səviyyəsində qeydə alınmışdı.

Məhəmməd Tağıyev



