
Azərbaycan Yazıçılar Birliyində (AYB) "Ulduz" jurnalının redaksiyasında istehsalat təcrübəsinə başlayan Azərbaycan Universiteti tərcümə ixtisası üzrə IV kurs tələbələri fevralın 16-da AYB-nin sədr müavini, şair, publisist Rəşad Məcidlə görüşüblər.
Onların Azərbaycanın tanınmış ədəbi jurnalında təcrübə keçməsini yüksək qiymətləndirən Rəşad Məcid tələbələrə tövsiyələrini deyib, bəzi əsərlərin Azərbaycan dilindən ingilis dilinə, bəzilərinin isə ingilis dilindən Azərbaycan dilinə çevrilməsilə bağlı tapşırıqlar verib.
Həmçinin, onların redaksiyadakı təcrübə müddətini yaxından izləyəcəyini deyən AYB-nin sədr müavini hər zaman öz dəstəyini göstərməyə hazır olduğunu bildirərək, öz kitablarını imzalı şəkildə tələbələrə hədiyyə edib.
Rəşad Məcidlə keçirilən faydalı görüşdən məmnunluğunu ifadə edən Azərbaycan Universitetinin Tərcümə və Filologiya kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Məmmədova təcrübə üçün yaradılan şəraitə görə təşəkkürünü bildirib.
"Ulduz"un baş redaktoru Qulu Ağsəs bu cür görüşlərin davamlı olacağını və tələbələrin bu istehsalat təcrübəsini kifayət qədər səmərəli keçirməsi üçün lazım olan bütün addımların atılacağını bildirib.

ŞAHANƏ



