
22 fevral 2023-cü il tarixində N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialının təşkilatçılığı və şəhid ailələri, eləcə də rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Abduləziz Xanəhmədoğlunun 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhid qəhrəmanlara həsr etdiyi "Ömrü şeirə dönən Kürdəmir şəhidləri" adlı kitabının təqdimat mərasimi keçirildi.
525.az xəbər verir ki, tədbir Dövlət himninin səsləndirilməsi ilə başlandı.
Tədbirdə öncə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Təqdimat mərasimini giriş sözü ilə açan Aran filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində əldə olunan möhtəşəm Qələbənin müstəqillik tariximizin ən böyük zəfəri olduğunu, sentyabrın 27-dən başlayaraq cəbhə xəttində işğalçı Ermənistan ordusunun təxribatlarına cavab verən şanlı Azərbaycan Ordusunun qısa zamanda Qarabağ uğrunda başladığımız haqq savaşını Qələbə ilə başa vurmasını, 44 gün davam edən ikinci Vətən müharibəsində qəhrəman oğullarımızın düşmənə sarsıdıcı zərbələr endirərək, onları 27 il işğal altında saxladıqları torpaqlarımızdan qovmasını vurğuladı. O, eyni zamanda, Vətən müharibəsi dövründə və ondan sonraki quruculuq dövründə qələmi ilə müsəlləh əsgərə dönən ziyalılarımızın, şair və yazarlarımızın rolunu dəyərləndirərək Abduləziz Xanəhmədoğlunun yeni çapdan çıxmış “Ömrü şeirə dönən Kürdəmir şəhidləri” kitabından bəhs edərək, şəhidlərimizin adlarının əbədiləşdirilməsi, həyat tarixçəsinin qan yaddaşına köçürülməsi məramı ilə istedadlı şairin oxuculara təqdim olunan kitabının gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsində çox faydalı olacağını vurğuladı.
Təqdimat mərasimində çıxış edən şəhid ailələri Simuzər Bağıyeva, Jalə Mikayılova, Şövqiyə Azayeva, Cəmafət Əzizova,Vətən müharibəsi veteranı Vidadi Hüseynov, jurnalist Tofiq Abdullayev çıxışlarında qeyd etdilər ki, “Ömrü şeirə dönən Kürdəmir şəhidləri” kitabında Vətən yanğısını söndürməyə gedən oğullardan bəhs edən şeirlərin oxunaqlı olmağına səbəb müəllifin gördüklərinə, eşitdiklərinə, oxuduqlarına şair təxəyyülünün məhsuludur. Eyni zamanda, müəllifin təqdim etdiyi bu kitabın yeniyetmələrə, gənclərə vətənpərvərlik ruhu aşılamasını və gələcəkdə qəhrəmanlıq, vətənpərvərlik, anaya sevgi, saf məhəbbət, dosta sədaqət və s. aşılaması vurğulandı.
Tədbirdə şəhidlərimizə həsr olunan foto slayd nümayiş edildi. Məktəblilər “Ömrü şeirə dönən Kürdəmir şəhidləri” kitabından hazırladıqları kompazisiyanı tədbir iştirakçılarına təqdim etdilər.
Təqdimat mərasiminin sonunda kitabının müəllifi Abduləziz Xanəhmədoğlu onun əməyinə göstərilən diqqət üçün tədbirin təşkilatçısı olan Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyinin Aran filialına və iştirakçılara öz minnətdarlığını bildirdi. Sonda “Ömrü şeirə dönən Kürdəmir şəhidləri” kitabı şəhid ailələrinə hədiyyə edildi.









