
Fevralın 22-də Milli Kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, TÜRKSOY Türk Mədəniyyəti Təşkilatı və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Azərbaycanın istiqlal şairi Əhməd Cavadın anadan olmasının 130 illiyi ilə əlaqədar tədbir, Milli Kitabxananın nəşr etdirdiyi “Əhməd Cavad: biblioqrafiya” və TÜRKSOY-un nəşr etdirdiyi “Əhməd Cavaddan seçmə şeirlər” kitablarının təqdimat mərasimi keçirilib.
525.az xəbər verir ki, tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq bildirib ki, bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qısa bir ömür yaşasa da, ürəyi daima Azərbaycanın müstəqilliyi ilə döyünən Əhməd Cavadın tədbirinə toplaşmışıq. Təqdimat mərasiminə toplaşdığımız hər iki kitabı çox dəyərli abidə hesab etmək olar. Direktor qeyd edib ki, Milli Kitabxana tərəfindən tərtib olunan “Əhməd Cavad: Biblioqrafiya” kitabı dahi şair haqqında son vaxtlara qədər çap olunan bütün materialları əhatə edir.
Milli Kitabxananın TÜRKSOY-la 2006-cı ildən etibarən əməkdaşlıq etdiyini qeyd edən KərimTahirov bildirib ki, bu ənənə hələ də davam etməkdədir.
Tədbir zamanı TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Baş Katibi, professor Sultan Rayev çıxışında TÜRKSOY-un bir çox mədəniyyət nümayəndələrinin yaradıcılığını işıqlandırmasından bəhs etdi. O, daha sonra belə bir tədbirin təşkil olunmasına görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və Milli Kitabxanaya təşəkkürünü bildirərək, Azərbaycan şeir sənətinin ən görkəmli nümayəndələrindən olan, qiymətli əsərlərin müəllifi Əhməd Cavad haqqında hazırlanan kitablarda əməyi keçən hər kəsə təşəkkür etdi.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli çıxışında bildirdi ki, Mədəniyyət Nazirliyi TÜRKSOY ilə birlikdə bir çox layihələr həyata keçirib. Bu layihələr türk dünyasının gücünün göstəricisidir. Əhməd Cavadın Ankarada heykəlinin qoyulması, eləcə də silsilə tədbirlərin təşkili TÜRKSOY-un ona verdiyi dəyərin nümunəsidir. Əhməd Cavad 45 illik ömrü çərçivəsində böyük Turan elini özünə sığdıran bir ədibdir.
Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxışında bildirib ki, Əhməd Cavad türk dünyasının böyük şairidir və daima türk xalqlarının birliyi üçün çalışıb. Bu baxımdan “Çırpınırdı Qara dəniz” şeiri çox böyük əhəmiyyətə malikdir. O,Türkiyədə Əhməd Cavadın kitabının nəşr olunmasına çox şad olduğunu bildirdi. Anar öz çıxışının sonunda Gəncədə Əhməd Cavadın xatirəsinə bulaq inşa edilməsi haqqında ideya da irali sürdü.
Tədbirin davamında AMEA-nın prezidenti, N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibəyli çıxışı zamanı TÜRKSOY-u türk dünyasının UNESCO-su adlandırdı və onun Kərim Tahirovun səmərəli fəaliyyəti nəticəsində Milli Kitabxana ilə etdiyi əməkdaşlığı yüksək qiymətləndirdi. İ.Həbibbəyli qeyd etdiki himn yazmaq böyük bi tarixdir. Ə.Cavad bununla öz adını Azərbaycan tarixinə qızıl hərflərdə həkk edib. Akademik daha sonra Milli Kitabxananın hazırladığı biblioqrafiyanın əhəmiyyətindən bəh edərək, bildirdi ki, bu biblioqrafiya dahi ədəbin nəsr əsərlərinin tədqiq olunmasında çox böyük əhəmiyyətə malikdir və yeni tədqiqatların başlanğıcı olacaqdır.
Daha sonra çıxışçılar Əməkdar elm xadimi Qəzənfər Paşayev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun layihə rəhbəri Nuri Aksu, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Asif Rüstəmli, Mədəniyyət Nazirliyinin TÜRKSOY-da daimi nümayəndəsi Elçin Qafarlı, ADPU-nun Türk araşdırmaları bölməsinin müdiri professor Elman Quliyev çıxış edərək Əhməd Cavadın yaradıcılığını çox yüksək qiymətləndirdiklərini və onun adının Azərbaycan ədəbiyyatında daima yaşayaçağını qeyd etdilər. Onlar bildirdi ki, maarifçi və ictimai xadim Əhməd Cavad bizim ədəbiyyatımızın, mədəniyyətimizin, tariximizin qurucusudur. Dahi şair nəinki Azərbaycan himninin, həm də ilk hərbi marşın müəllifidir.
Əhməd Cavadın nəticəsi Cavad Axundzadə ailəsinin adından çıxış edərək, belə bir tədbiri təşkil etdiyi üçün Mədəniyyət Nazirliyinə, Milli Kitabxanaya və TÜRKSOY Türk Mədəniyyəti Təşkilatına öz təşəkkürünü bildirdi. O, çıxışı zamanı Əhməd Cavadın heykəlinin Bakı şəhərində ucaldılması istəyindən də bəhs etdi.
Sonda TÜRKSOY-un Baş katibi professor Sultan Rayev başçılıq etdiyi təşkilatın on illər ərzində Azərbaycan Milli Kitabxanası ilə sıx əməkdaşlığına böyük töhfə verdiyinə görə TÜRKSOY-un xatirə hədiyyəsini Milli Kitabxananın direktoruna təqdim etdi.
Tədbirin sonunda qonaqlar “Milli istiqlal şairi Əhməd Cavad” adlı geniş kitab sərgisi və Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “İstiqlal şairi-Əhməd Cavad” adlı Elektron məlumat bazası ilə tanış olublar. Qeyd edək ki, məlumat bazası üç dildə (azərbaycan, rus, ingilis dillərində) istifadəçilərə təqdim olunur.






