
Azərbaycanla Macarıstan arasında energetika, sənaye, nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, ticarət, təhsil və s. sahələrdə əlaqələrin gücləndirilməsi üçün imkanlar böyükdür və bu potensialın reallaşdırılması üçün zəruri tədbirlər görülür.
Nazirlikdən 525.az-a verilən məlumata görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarovla Macarıstanın iqtisadi inkişaf naziri Marton Nad arasında keçirilən görüşdə bildirilib.
Görüşdə Azərbaycan-Macarıstan əlaqələrinin inkişaf etdiyi, dövlət və hökumət başçılarının qarşılıqlı səfərlərinin, 2023-cü ilin yanvarında Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana rəsmi səfəri çərçivəsində keçirilmiş görüşlərin əməkdaşlığın möhkəmlənməsində mühüm rolu vurğulanıb.
"İki ölkə arasında tərəfdaşlığın genişlənməsinə qarşılıqlı marağın göstəricisidir ki, Azərbaycan-Macarıstan ticarət dövriyyəsi artır, faydalı investisiya əməkdaşlığı həyata keçirilir", - məlumatda deyilir.
Macarıstanın iqtisadi inkişaf naziri Marton Nad Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın həyata keçirdiyi layihələrin əhəmiyyətindən bəhs edib, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə dair fikirlərini bölüşüb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən enerji sahəsində əməkdaşlığın perspektivləri, maliyyə sektoruna Macarıstan investisiyalarının qoyuluşu imkanları müzakirə edilib.



