|
|
|
|
Azərbaycanda uzunmüddətli kreditlər əsasən dövlət zəmanəti əsasında verilən kreditlərdir. Məsələn, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun xətti ilə verilən kreditlər. Banklar uzunmüddətli kredit verməzdən əvvəl hər bir biznes subyektinin sabitliyini və inkişafını müəyyənləşdirir, riskləri nəzərə alaraq daha çox daha çox qısamüddətli kreditlər ayırır.
Araşdırmalar da göstərir ki, bu gün ölkəmizdə güzəştli kreditlər almağa ən çox ehtiyac duyulan sahə aqrar sektordur. Ötən illər ərzində bu sahədə vəziyyəti dəyişmək üçün dövlət tərəfindən bir neçə mexanizm işə salınsa da, ciddi nailiyyətin əldə olunduğu müşahidə edilmir.
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev "525"ə açıqlamasında dövlət və kommersiya banklarının sahibkarların kreditləşməsi ilə bağlı baxışlarının fərqli olduğunu vurğulayıb: "Kommersiya bankları iqtisadiyyata vəsait qoyduqları zaman ilk növbədə həmin məbləğin geri qaytarılmasında həm bank, həm də sahibkar üçün daha uyğun olan müxtəlif yollar axtarırlar. Dövlət bankları isə gəlirdən daha çox istehsal, kənd təsərrüfatı, regionlarda inkişaf etməkdə olan sahələrin maliyyələşdirilməsində maraqlıdır. Yəni dövlət bankları bazarda daha çox ehtiyac duyulan sahələrin kreditləşməsinə meyillidir. Bu məqsədlə Sahibkarlığın İnkişafı Fondu, Aqrar Kredit İnkişaf Agentliyi və Dövlət Zəmanət Fondu vasitəsilə müxtəlif həcmli vəsaitlər ayırır. Dövlət vəsaitlərin bir hissəsinin subsidiyalaşdırılması, götürülən borcun dövlət zəmanətinə götürülməsi modellərini tətbiq edir. Son dövrlər Şərqi Zəngəzur və Qarabağ İqtisadi rayonlarında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən sahibkarlara da bu kreditlərdən yararlanmaq üçün müəyyən imkanlar yaradılıb. Götürülən vəsaitin faizləri subsidiyalaşdırılır, həm də bu vəsaitin 90 faizə qədərinə dövlət zəmanəti verilir. Bu, dövlətin marağıdır. Sahibkarlar isə əlçatan kreditlərin olmasını arzulayırlar. Araşdırmalar onu da göstərir ki, sahibkarlarda investisiya yatırılmasına maraq getdikcə artır. Çünki bunun üçün sərfəli şərtlər də mövcuddur. Faiz dərəcəsinin yüksək olması, sənədləşdirmə, girov tələbi kimi işlər sahibkarların işini çətinləşdirən məqamlardır. Bu il martın 2-də ölkədə alternativ maliyyə bazarlarının inkişafı ilə bağlı böyük beynəlxalq konfrans keçirildi. Həmin konfransda məhz əlavə vəsaitlərin sahibkarlar üçün əlçatanlığı mövzusunda da müzakirələr aparıldı".
Havar ŞƏFİYEVA