Gənc tar ifaçısı Pərviz Musayevin "Kara Karayev'in Batı Eğlimi, Don Kişot Senfonik Gravürlerinde" ("Don Kixot" simfonik qravüralarında Qara Qarayevin Qərb meyli) adlı elmi məqaləsi Türkiyənin Ankara şəhərində "Kültür Evreni" adlı beynalxalq jurnalda çap olunub.
525.az xəbər verir ki, 2019-ci ildə Azərbaycan Milli Konservatoriyasının bakalavr pilləsində təhsilini tamamlayan Pərviz Musayev 2022-ci ildə isə İstanbul Universiteti Dövlət Konservatoriyasının magistr pilləsindən yazdığı "20 əsr Azərbaycan musiqisi və Qara Qarayevin əsərlərində Şərq və Qərbin sintezi" adlı disaertasiyasını müdafiə edərək məzun olmuştur.
Hazırda doktorantura üzrə təhsilini davam etdirən gənc musiqiçinin məqaləsində 20-ci əsr Azərbaycan musiqisinə çoxsaylı töhfələr vermiş, Azərbaycan bəstəkarlıq məktəbinin aparıcı bəstəkarlarından olan Qara Qarayevin "Don Kixot" simfonik qravüraları şərq-qərb kontekstində araşdırılmış və ümumi təhlil edilmişdir.
Qarayevin əsərləri özünəməxsus xüsusiyyətləri ilə Azərbaycan musiqisinin inkişafında, dünyaya açılmasında mühüm amildir. Polifonik musiqinin mühüm nümunələrini yaradan bəstəkar özündən sonra gələn bəstəkarların yoluna işıq tutmuşdur.
Bəstəkarın düşüncə tərzinin bədii ifadəsi, üslubu, milli musiqinin kökləri ilə bağlılığı, əsərlərinin forma quruluşu, musiqi ifadə vasitələri, harmonik və melodik dil xüsusiyyətləri məqalənin əsasını təşkil edən elementlərdir.
Qarayev öz əsərlərində dünya ictimai fikrini narahat edən qlobal problemlərə toxunmaqdan çəkinməmiş, keçmiş Sovet İttifaqının hüdudlarından çox-çox uzaqlarda olan dünya xalqlarının həyatını, tarixini, mübarizəsini əks etdirən əsərlər yaratmışdır.
Bu, həm musiqi tamaşalarında, həm də simfonik musiqidə özünü büruzə verib. Belə əsərlər sırasında “Don Kixot” simfonik qravüralarını misal göstərmək olar. Dünya yazıçılarının yaradıcılığına toxunan bəstəkar əsərlərində bu problemləri müasirləşdirməyə, tamaşaçı ilə danışılan dövr arasında məntiqi və emosional bağ yaratmağa nail olmuşdur.
Bu əsərlər yazıldığı gündən bu günə qədər əhəmiyyətini itirməmişdir.