|
|
|
|
Bu gün - aprelin 1-i tanınmış yazıçı-publisist, "Şöhrət" ordenli Əməkdar jurnalist Aqli Abbas 70 illik yubileyini qeyd edir.
1953-cü il aprel ayının 1-də anadan olan Aqil Abbas 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsi bitirib. Müxtəlif illərdə "Elm və həyat" jurnalında müxbir, şöbə müdiri, "Sovet kəndi" qəzetində şöbə müdiri vəzifələrində çalışıb. 1990-cı ilin iyul ayından nəşrə başlayan "Ədalət" qəzetinin qurucusu və təsisçisidir. 2005-ci ildən bugünədək Azərbaycan Respublikası Milli Məclisinin deputatı, parlamentin Təhlükəsizlik, müdafiə məsələləri və korrupsiya ilə mübarizə komitəsinin və Mədəniyyət komitəsinin üzvüdür.
1976-cı ildən ədəbi fəaliyyətə başlayan Aqli Abbasın hekayə, povest və romanları müxtəlif illərdə "Ədəbiyyat" qəzetində, "Ulduz", "Azərbaycan" jurnalında müntəzəm olaraq nəşr edilib. İlk povesti "Evləri köndələn yar" 1983-cü ildə kitab kimi nəşr olunub. 1986-cı ildə kitab şəklində nəşr edilən "Günah" povesti 1988-ci ildə Respublika Komsomol mükafatına layiq görülüb. Ayrı-ayrı dövrlərdə onun "Evləri köndələn yar", "Günah",
"Batmanqılınc", "Ən xoşbəxt adam", "Çadırda Üzeyir Hacıbəyov doğula bilməz", "Qiyamət günü", "Qar üstündə qan çiçəyi", "Qapqara uzun saçlar", "Ölülər", "Allahı qatil edənlər", "Saçın ucun hörməzlər", "Ən uzun dərdli hekayə", "Dolu", "Çay qırağında bitib susuz qalan ağacların sağlığına" kimi kitabları işıq üzü görüb. Qarabağ müharibəsinə həsr olunmuş "Dolu" romanı 2010-cu ildə Mədəniyyət Nazirliyi tərəfindən "İlin ən yaxşı romanı" adına və "Qızıl kəlmə" mükafatına layiq görülüb. 2012-ci ildə "Dolu" romanı əsasında yazdığı ssenariyə film çəkilib, böyük əks-səda doğuran bu film Mədəniyyət Nazirliyi tərəfindən "Humay" mükafatı alıb. Müəllifin "Çadırda Üzeyir Hacıbəyov doğula bilməz", "Batmanqılınc", "Allahı qatil edənlər" və "Dolu" əsəri müxtəlif illərdə Türkiyədə Türkiyə türkcəsinə çevrilərək yüksək tirajla çap edilib. İki kitabı da Cənubi Azərbaycanda Azərbaycan dilində nəşr olunub. Azərbaycan respublikası Prezidentinin sərəncamları ilə 2005-ci ildə "Əməkdar jurnalist" adına layiq görülüb, 2012-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub.
Azərbaycan Mətbuat Şurası Aqil Abbası 70 illik yubileyi münasibəti ilə təbrik edib. Təbrikdə bildirilir ki, ömrünü jurnalistikaya, ümumən ictimai və mədəni həyatımızın zənginləşməsinə sərf etmiş həmkarlarımızdan olan "Ədalət" qəzetinin qurucusu və təsisçisi, Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin keçmiş üzvü Aqil Abbasın doğum günüdür - 70 yaşı tamam olur. "Parlaq düşüncə və zəka sahibi olan dəyərli həmkarımız A.Abbası 70 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı diləyirik. Arzu edirik ki, 70 illik yubileyin verdiyi qürur, fəxarət və sevinc hissi onu yeni yaradıcılıq uğurlarına daşısın", - deyə təbrik məktubunda qeyd olunur.
Qeyd edək ki, yubiley ərəfəsində - martın 30-da Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda Aqil Abbasın yeni nəşr olunan "Çay qırağında bitib susuz qalan ağacların sağlığına" kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə akademik Nizami Cəfərov, yazıçı Seyran Səxavət, tənqidçi Əsəd Cahangir, "Xalq qəzeti"nin baş redaktoru Əflatun Amaşov, Millət vəkili Etibar Əliyev, yazıçı-publisist İradə Tuncay, şair Qəşəm Nəcəfzadə və digər ictimai-siyasi xadimlər, yazıçının qələm dostları və oxucular iştirak ediblər.
Tədbirin aparıcısı, Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli kitabla bağlı fikirlərini bölüşüb, yazıçının zəngin yaradıcılığından söz açıb.
Tənqidçi Əsəd Cahangir çıxışında əsərin bədii xüsusiyyətlərindən söz açıb. O bildirib ki, "Çay qırağında bitib susuz qalan ağacların sağlığına" Qarabağ müharibəsinə həsr olunan ən sanballı əsərlərdəndir: "Əsəri sözün yaxşı mənasında şumlamışam. Oxuduqca elə bil minalanmış ərazidə gedirdim, hər an ayağımın altında mina çıxa bilərdi. Bütün hallarda yaxşı bir iş ərsəyə gəlib. Buna görə Aqil müəllimə təşəkkür edirəm.
Əsəri maraqlı edən əsas səbəblərdən biri də qəhrəmanların real təsviridir. Biz qəhrəmanları yaxşı və pis cəhətləri ilə aydın bir şəkildə görürük. Ona görə də burada həm realist, həm də romantik yanaşma özünü göstərir".
Yazıçı Seyran Səxavət çıxışında Aqil Abbasın şəxsi keyfiyyətlərindən danışıb, bildirib ki, yazıçı Qarabağ bölgəsinin ictimai-siyasi, sosial, coğrafi mühitini çox gözəl bilir, insanları yaxşı tanıyır. Bu da öz növbəsində müəllifin əsərlərində özünü göstərir: "Hər şeydən öncə bunu deyə bilərəm ki, Aqil bənzərsizdir. Əslində bütün yazıçılar kitablarında özlərini, öz xasiyyətlərini yazır. O cümlədən, Aqilin əsərlərinə baxdığımız zaman da bunu aydın şəkildə görə bilirik".
Akademik Nizami Cəfərov yazıçının üslubundan söz açıb, müəllifin satirasının gücünü xüsusilə vurğulayıb: "Əslində, Aqil Abbasın lirikası da satirasından geri qalmır. Təbiət etibarilə Aqil həm də publisistdir. Onunla danışmaq da, dalaşmaq da rahatdır. Bilirsən ki, bir şey itirməyəcəksən. Onun istənilən romanını dili sadə, aydın olduğu üçün sətirbəsətir əzbərdən deyə bilər. Böyük ədəbiyyat ilə cəmiyyətlə belə sərbəst davranan başqa bir adam yoxdur. Aqilin bu romanda da mənasız söz demək imkanı olmayıb".
Millət vəkili Etibar Əliyev çıxışında yazıçının ədəbi dilinin xüsusiyyətlərindən danışıb, bildirib ki, Aqil Abbasın yazı dili özünəməxsusdur: "Yəhudilərə qarşı törədilən qırğınlardan sonra onların belə bir şüarı yaranmışdı: "Biz bunu heç vaxt unutmayacağıq". Haqqında danışdığımız yaddaşın iki növü var: böyük və kiçik yaddaş. Aqil müəllimin bu və digər əsərləri Qarabağımız haqqında yaddaşımızı həcmini böyütməyə xidmət edir. Buna görə ona xüsusi təşəkkür etmək istəyirəm. Aqil hər gün camaatın içində olduğu üçün sadə danışıq üslubunu ədəbiyyatına da tətbiq edib. Bu, onu hamıdan fərqləndirir".
Şair, professor Elçin İsgəndərzadə Aqil Abbasın hərtərəfli bir şəxsiyyət olduğunu vurğulayıb, hələ gənclik illərindən onun əsərlərini oxuduğunu qeyd edib: "Mənim bu dünyada iki müəllimim var. Biri Xudu Məmmədovdur, biri Aqil Abbasdır. Məni onlar professor edib. Aqil Abbas mənə görə, təkcə mətbuatımızın Həsən bəy Zərdabisi, ədəbiyyatımızın Cəlil Məmmədquluzadəsi yox, həm də bütün Azərbaycanda vətəndaşlığımızın hocasıdır".
Tədbirdə çıxış edən Aqil Abbas özü isə kitabın yazılma prosesindən söz açıb, əsəri Abdal-Gülablı Şakirin xatirəsinə həsr etdiyini qeyd edib: "Kitab ağdamlıların çox sevdiyi Qarabağ haqqında yazılıb. Burada Qarabağ müharibəsindən bəhs edilir. Qarabağdakı insanların həyatından, qaçqın həyatından danışılır. 30 ildir ki, zaman keçirdi və doğulan uşaqlar Qarabağlı, ağdamlı, füzulili, laçınlı olmurdu. Bu bizim yaralı yerimiz idi. Kitabda yumorla yanaşı böyük kədər var. Hətta bəzi yerlərində hönkürüb ağlamaq olar. Bədii əsər olsa da, burada tarixi faktlar da yer ayrılıb".
Aytac SAHƏD
"525"dən: Bu yubiley bizim kollektivimiz üçün də xüsusi əhəmiyyət kəsb edən bir hadisəsir. Ona görə ki, yubilyarın özü - tanınmış yazıçı, publisist Aqil Abbas bizim üçün əziz və doğma insandır. Biz onu çox istədiyimiz kimi, bilirik, o da bizi - kollektivimiz çox istəyir. Biz özümüzə qarşı onun isti, doğma münasibətini həmişə görmüş, hiss etmişik. Ona görə də bu gün həm də bizim üçün bayramdır. Yubiley yaşınınız - bayramınız - bayramımız mübarək olsun, əziz insan! Həmişə var olun - sağlam olun, yaşayın, yaradın!..