
Çoxsaylı xəbərdarlıqlara baxmayaraq, ölkə ərazisində hələ də sürüşmənin aktiv olduğu zonalarda tikinti işləri aparan şirkətlər var. Əksər hallarda sürüşmənin aktiv olduğu torpaq sahələri alqı-satqı zamanı satan şəxs tərəfindən alıcıya bildirilmir. Elə bu səbəbdən də vətəndaşlar ərazilərlə bağlı tam məlumatlı olmadan evlər tikir, sonradan isə problemlərlə üzləşirlər. Araşdırmalara görə, son illər əhalinin Bakıya axının artması nəticəsində insanlar hətta vulkan ocaqlarının olduğu ərazilərdə də məskunlaşırlar.
Mütəxəssislər torpaq alarkən vətəndaşları daha diqqətli olmağa çağırır. Paytaxtda neft kəmərlərinin yaxın, çirklənmiş, tikinti aparmaq qadağan olunmuş ərazilər də var ki, həmin ərazilərdə yerin altı ilə kommunikasiya xətləri, üstü ilə yüksək gərginlikli naqillər keçir. Belə ərazilərdə hər hansı tikintinin aparılması qanunla qadağandır. Lakin buna baxmayaraq, həmin ərazilərdə də qanunsuz tikinti işlərinin aparılması hallarına rast gəlinir.
"Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri, tikinti üzrə ekspert Vüqar Oruc "525"ə açıqlamasında tikinti zamanı əməl edilməsi vacib olan təhlükəsizlik qaydalarından söz açarkən bilidirib ki, ev tikərkən sıxlıq olan ərazilərdə təhlükəsizlik qaydalarının daha çox gözlənilməsinə ehtiyac var: "Binaların həyətlərinə təcili yardım, yanğınsöndürən maşınların, avtomobillərin daxil olmasına maneçilik yaranmaması üçün tikililər arasında lazımi məsafə qoyulmalıdır. Növbəti mərhələdə isə tikintinin lahiyəsi qiymətləndirilməli, lahiyə mövcud normativlərə uyğundursa, o zaman tikinti layihənin icrasına start verilməlidir. Prosesdə tikintinin gedişi nəzarətə götürülməli, istifadə ediləcək materialların keyfiyyəti normativlərdən kənar deyilsə və gələcəkdə yaşayacaq insanlar üçün hər hansı təhlükə yaratmayacaqsa, tikinti prosesinin aparılması təmin olunmalıdır. Eyni zamanda binaların tikildiyi ərazilər sürüşmə zonalarından uzaq olmalıdır. Məsələn, Bayılda, Gəncə prospektində belə zonalar daha çoxdur. Orada tikinti işlərini həyata keçirən şirkətlər daha geniş məsafə saxlamalıdır ki, gələcəkdə ciddi problem yaranmasın. Fərdi evlər və xüsusilə bina evləri tikərkən daha çox düzən ərazilərə üstünlük verilməlidir. Bizdə olan məlumatlara görə, vətəndaşlar mənzil alarkən çox ciddi məsələlərə diqqət yetirilir. Bu da daşınmaz əmlak bazarına öz təsirini göstərir. Təbii ki, hansı işlərin aparılmasından asılı olmayaraq son rəyi ekspert verə bilməz. Müəyyən olunmuş dövlət qurumları var ki, həmin qurumların vəzifəsi binaların keyfiyyətini müəyyən etmək, hansısa hadisələr öncəsi ehtiyat tədbirlər görmək üçün işlər aparmaqdır. Hər hansı ekspert, təşkilat və ya mütəxəssis ancaq ümumi kriteriyaları sadalaya bilər. Bunun üçün, qeyd etdiyim kimi, məsul qurumların rəy verməsi tələb olunur. Ölkədə Fövqəladə Hallar Nazirliyinin tabeçiliyində olan laboratoriyalar var ki, orada tikintinin keyfiyyətini müəyyən etmək mümkündür. Hesab edirəm ki, müvafiq komissiya təşkil edib, gələcəkdə baş verəcək hər hansı təbii fəlakətin qarşısını almaq üçün əvvəlcədən ciddi tədbirlər görmək lazımdır. Artıq qardaş Türkiyədə zəlzələdən sonra ayrı-ayrı bələdiyyələr tərəfindən yoxlamalar aparılır ki, gələcəkdə hansısa fəsadlar ortaya çıxmasın".
Havar ŞƏFİYEVA



