
"“Sosial müavinətlər haqqında” qanuna təklif edilən düzəlişlər Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsində müzakirə olunaraq plenar iclasa təklif olundu. Dəyişikliklərə əsasən, himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə aylıq müavinətlər ödəniləcək. Bu müavinət himayədar valideynlərlə dövlət qurumu arasında uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın himayədar ailəyə verilməsinə dair müqavilə bağlanıldıqdan sonra ödəniləcək. Müavinətin məbləğin dəyişikliklərin qəbulundan sonra müəyyənləşəcək".
Bunu 525.az-a açıqlamasında millət vəkili Vüqar Bayramov deyib. O bildirib ki, digər dəyişikliyə əsasən, həmin uşaqlara mövsümi geyim alınması üçün birdəfəlik müavinətlər də ödəniləcək. Bu zaman da oxşar müqavilənin bağlanması əsas şərtdir. Bu müavinət müqavilə bağlanıldıqdan sonra ildə 4 dəfə (mart, iyun, sentyabr və dekabr aylarında) ödənilməklə, həmin müqavilənin qüvvədə olduğu müddətə təyin edilir:
"Dəyişikliklərin məqsədi uşaqları himayəyə götürən ailələrin sosial vəziyyətini daha da yaxşılaşdırmaq və kimsəsiz uşaqların ailələrdə böyüməsini stimullaşdırmaqdır".
Sevinc Qarayeva



