
Bu gün Azərbaycanda elə bir sahə yoxdur ki, o sahənin inkişaf etdirilməsi məqsədilə proqram və yaxud sənəd qəbul olunmasın. Keçid dövrü yaşayan ölkə kimi Azərbaycan müxtəlif fəaliyyət sahələrində dayanıqlı struktur formalaşdırmaq üçün təbii resurslarından faydalanaraq əldə olunan gəlirlər hesabına iqtisadiyyatı inkişaf etdirmək və şaxələndirmək istiqamətində ardıcıl addımlar atır. Bu strategiyanın nəticəsidir ki, ölkədə tikinti, turizm, kənd təsərrüfatı, nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları sektorlarında davamlı artım tendensiyası müşahidə olunur. Lakin sadalanan sahələrin inkişaf dinamikasına nəzər yetirsək, görərik ki, bütün problemlər hələ də tam həllini tapmayıb. Son dönəmlər ölkəmizdə ən çox islahatlar qeyri-neft sektorunda aparılır. Qeyri-neft sektoru dedikdə təkcə rabitə, ticarət, turizm və digər kütləvi xidmət sahələri deyil, sənaye, xüsusən də onun yüngül və yeyinti sahələri, həmçinin kənd təsərrüfatı nəzərdə tutulur.
Kənd təsərrüfatı Azərbaycanda qeyri-neft sektorunun inkişafında prioritet sahələrdən hesab edilir. Bu səbəbdən ölkədə kənd təsərrüfatının inkişafına yönələn ardıcıl dövlət proqramları, islahatlar və yeni texnologiyaların tətbiqi isiqamətində islahatlar həyata keçirilməkdədir.
Rəqəmsal texnologiya sahəsinin inkişafı müasir dövrdə digər innovativ sahələrin inkişafını da şərtləndirir. Məsələn, səhiyyə sektorunda süni intellektlə işləyən qabaqcıl proqramlar insanların həyatını xilas etməyə, xəstəliklərə daha tez diaqnoz qoymağa böyük köməklik göstərir. Təhsildə virtual tədris mühitinin və distant təhsilin təmin olunması inkişaf etmiş ölkələrdə tətbiq olunan proqramlarda iştirak imkanı yaradır. Texnoloji inqilablar nəticəsində işçi qüvvəsi nisbətində yaranan dəyişikliklər tarixən yeni forma və modellərin tətbiqinə yol açıb. Beynəlxalq Əmək Təşkilatının hesablamalarına görə, enerji sektorunda aparılan davamlı təcrübələr, enerji səmərəliliyinin təkmilləşdirilməsi yaşıl iqtisadiyyata keçidi sürətləndirə bilər.
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadçı-ekspert Ruslan Atakişiyev "525"ə açıqlamasında bu gün ölkəmizdə davamlı iqtisadi inkişafa nail olmaq üçün yeni ixtisasların mənimsənilməsinə ehtiyac duyulduğunu vurğulayıb: "Bunula bağlı universitet, kollec və peşə məktəblərində ixtisaslı kadrların yetişdirilməsi məsələsinə ciddi fikir verilməlidir. Öncə hər bir kəs özünü gələcəkdə necə reallaşdıra biləcəyini müəyyənləşdirməlidir. Yanaşma tərzi "Mütləq ali məktəbə qəbul olunmalıyam" kimi yox, "Sabah üçün yaxşı bir kadr kimi yetişməliyəm" təfəkküründə olmalıdır. Müasir dövrdə peşə məktəblərin inkişafına ciddi ehtiyac duyulur".
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elm şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Zahid Məmmədov isə ölkədə bütün sahələrin inkişafı üçün yeni islahatların aparılmasını ehtiyac olduğunu bildirib: "Turizmdən tutmuş neft sektoruna qədər ciddi addımlar atmalıyıq. Bununla yanaşı, priotet sahələrə də önəm verilməlidir. İngiltərədə təhsil sektoruna daha çox önəm verdiyi halda, İspaniya diqqəti daha çox turizm sahəsinə yönəldir. Azərbaycana gəldikdə isə daha çox aqrar və turizm sektorunda qabaqcıl addımlar atmalıyıq. Regionlarda təhsil sisteminə önəm verməliyik. Çünki hər şey təhsildən başlayır. Əlbəttə, bunları dərindən araşdırıb təhlil etdikdən sonra daha dəqiq qərar vermək olar. Bakı şəhəri urbanizasiya qaydalarına uyğun olaraq inkişaf etməlidir. Vaxtilə şəhərin mərkəzində yerləşən zavod və fabriklərin yerlərini dəyişdirib, iş yerlərini regionlara köçürməliyik ki, şəhərdəki sıxlıq azalsın".
Yeri gəlmişkən, qeyd edək ki, son illər paytaxtda əhali sayının artması, çox sayda yeni binaların tikilməsi, yollarda tıxacların yaranması kimi problemlərlə əlaqədar paytaxtın köçürülməsi ilə bağlı təkliflər də səslənir. Şəhərdə yerləşən bir sıra ali təhsil müəssisələrinin, dövlət idarələrinin regionlara köçürülməsi fikirləri də müzakirə olunur. Bu addımlar Bakı şəhərinin yükünü azaltmış olar, eyni zamanda regionlarda yeni iş yerlərin açılmasına imkan yaranar.
Dövlət Məşğulluq Agentliyi Əmək Bazarının Təhlili Departamentinin müdiri Elman Sadıqov "525"ə açıqlamasında hazırda dünyanın yenidən nüfuz dairəsinin bölünməsinin şahidi olduğumuzu qeyd edib: "Dünya iqtisadiyyatında hələlik pərdə arxasında gedən dəyişikliklərin şahidi oluruq. Bu dəyişikliklərin nəticələri bir neçə ildən sonra aydın şəkildə üzə çıxacaq. Hazırda yaşıl enerjiyə keçid dövrünə qədəm qoymuşuq. Yəni enerji sahəsində dəyişikliklər etməklə məşğuluq. Bütün bu dəyişiklərin təsirinə məruz qalan sahələrdən ən birincisi əmək bazarıdır. Bugünkü əmək bazarı həm texnoloji dəyişikliklərin təsirini hiss edir, həm də enerji, siyasi sahəsində dəyişiklərə məruz qalır. Dünyada baş verən hadisələr ölkəmizdən də yan keçməyib. Ölkəmiz neft-qaz sahəsindən əlavə, alternativ enerji sahəsində də ciddi addımlar atır. Alternativ enerji sahəsində nəinki istehsalçı, həmçinin ixracatçı olmaq iddiasındayıq. Planlar həm də onu zəruri edir ki, əmək bazarında bir neçə ildən sonra formalaşacaq vəziyyəti indidən təsəvvür edə bilək. Ölkəmizdə emal və xidmət sektoru üçün böyük potensial var. Xidmət sektoruna nəzər salsaq, kifayət qədər inkişaf etmədiyinin şahidi oluruq. Xidmət sektorunun istənilən sahəsinə hər hansı bir Avropa firması gələrsə, bazarı çox asanlıqla ələ ala biləcək. Çünki hazırda bazada mövcud olan şirkətlər və firmalar təəssüf ki, hələ mükəmməl xidmətdən uzaqdırlar. Burada kadr məsələlərinə, mədəniyyət peşəkarlığına, xidmət kültürünə, düşüncə və yanaşma tərzinə önəm vermək lazımdır. Turizm sahəsi qıraqdan baxan insanlara çox sadə, sıradan bir iş kimi gəlir. Çox təəssüf ki bu dayaz düşüncə bir çoxumuzda var, lakin bu belə deyil. Hər bir ölkədən gələn turistin düşüncə tərzinə, mentalitetinə, dininə, yaşadığı ölkənin mədəniyyətinə uyğun davranmalıyıq. Bir çox hallarda xidmət sektoru onlardan sui-istifadə edir və bu istifadə ölkəmizin imicinə mənfi təsir göstərir. Biz onları düzgün şəkildə analiz edib, yaxşı mənada bəhrələnməyə bacarmalıyıq. Kənd təsərrüfatı sahəsində kadr çatışmazlığı da önə çəkilən problemlərdən biridir. Güclü aqronomlara, zootexniklərə ciddi ehtiyac var. Amma maraq göstərib, qarşına məqsəd qoyub, bu sahəyə doğru addımlayan gənclərin sayı təəssüf ki çox azdır. Təkcə ölkəmiz yox, ümumiyyətlə dünya ölkələri kənd təsərrüfatı sahəsinə daha fərqli şəkildə yanaşmağa başlayıb. Ərzaq təhlükəsizliyi, iqlim dəyişikliyi kimi mövzular bu sahə ilə dərindən məşğul olmağa tələb edir".
E.Sadıqov həmçinin İT sahəsində də çoxlu kadra ehtiyac duyulduğunu vurğulayıb: "Dünya ölkələri artıq bu sahə üzrə inkişafa doğru gedir. Həm tibb, həm də kənd təsərrüfatında müasir sistemlərdəm istifadə olunur. Bir-bir araşdırsaq, bütün sahələrdə boşluq olduğunun şahidi olacağıq. Bütün sahələr üzrə müasir əmək bazarını anlamağa çalışmaq, dünya hara doğru gedirsə, trendləri tutmaq önəmlidir. Biz də Dövlət Məşğulluq Agentliyi olaraq bu sahələri araşdırıb, yeni yollar axtarmağa çalışırıq.
Sirr deyil ki, bu sahələr üzrə kadr yetişdirmək təhsilin bir nömrəli vəzifəsidir. Bütün bunları nəzərə alaraq, təhsildə müasir dövrün tələblərinə uyğun dinamik dərs proqramları tərtib olunmalıdır. Bəzi hallarda universitet bitirən tələbənin biliyi əmək bazarına girdikdə artıq köhnəlmiş hesab edilir. Ona görə də universitetlərdə nəzəri yox, daha çox praktik proqramlara önəm verilməlidir".
Havar ŞƏFİYEVA



