
Ukrayna ABŞ istehsalı olan Patriot hava hücumundan müdafiə sistemindən istifadə edərək paytaxt Kiyevi hədəf alan Rusiya istehsalı olan hipersəs raketini zərərsizləşdirdiyini açıqlayıb. Rusiya Prezidenti Vladimir Putinin “qaçılmaz” olaraq təqdim etdiyi “Kinzal” raketinin səksəninci illərdə inkişaf etdirilən müdafiə sistemi ilə zərərsizləşdirilməsi diqqət çəkib.
525.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin “zərərsizləşdirilə bilməz” dediyi “Kinzal” adlı hipersəs raketi Ukrayna səmasında vurulub.
Ukrayna Hərbi Hava Qüvvələri isə raketin mayın 4-nə keçən gecə ABŞ istehsalı olan “Patriot” hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirildiyini açıqlayıb.
Ukraynada yerləşən Defense Express saytı bir neçə gün əvvəl raketin vurulduğunu bildirsə də, Ukrayna ordusu bu iddiaları təsdiqləməmişdi.
Səsdən 10 dəfə sürətlə uça bilən və 2000 kilometr məsafə qət edə bilən "Kinzal" və ya “Xəncər” raketi Rusiyanın əlində olan ən müasir silahlardan biridir. Roket Ukraynanın işğalı başlayandan bəri dəfələrlə istifadə edilib və ölkədə çoxlu insan tələfatı və böyük dağıntılara səbəb olub.
Ukrayna indiyədək biri ABŞ-dən, biri Almaniyadan olmaqla iki Patriot hava hücumundan müdafiə batareyası alıb. ABŞ-nin səksəninci illərdə hazırladığı patriot sistemi Rusiyanın ən son hipersəs raketini vuraraq Rusiya Ordusunun imkanları ilə bağlı yeni suallar doğurub. Ukrayna rəsmisi "Kinzal" raketinin vurulmasını “Rusiyaya şillə” kimi şərh edib.
Fərid Sançar



