
“France Press” agentliyinin (AFP) fransız jurnalisti Ukraynanın Baxmut şəhəri yaxınlığında Rusiyanın raket hücumu nəticəsində həlak olub.
525.az xarici mediaya istinadən xəbər verir ki, 32 yaşlı video koordinatoru Arman Soldin bazar ertəsi qaldığı yerə yaxın əraziyə raket hücumu nəticəsində həyatını itirib. Soldin aylardır döyüşlərin getdiyi Baxmutdan 10 kilometr aralıda yerləşən Çasiv Yar qəsəbəsində ukraynalı əsgərlərlə birlikdə olub. Hücum zamanı isə həmkarları onun yanında olsalar da onların zərər görmədiyi açıqlanıb.
"Armanın itkisi bütün təşkilatı sarsıdıb. Onun ölümü Ukraynadakı münaqişəni işıqlandıran jurnalistlərin hər gün üzləşdiyi risklər və təhlükələr haqqında dəhşətli bir xatırlatmadır", - AFP rəhbəri Fabrice Fries bildirib.
Fransa Prezidenti Emmanuel Makron Soldinin müharibənin ön cərgəsindəki əməyinə hörmətlə yanaşdığı bildirib. O mesajında: "Biz Soldinin yaxınlarının və həmkarlarının ağrısını paylaşırıq", - deyib.
Qeyd edək ki, Soldin keçən ilin fevralında Rusiyanın işğalından sonra Ukraynaya səfər edən AFP komandasının bir üzvü idi və sentyabr ayından Ukraynada yaşayırdı.
Malik Atilay



