
Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula von der Leyen Türkiyədə keçirilən seçkiləri yaxından izlədiklərini, yüksək fəallığın böyük nailiyyət olduğunu və ikinci turun nə gətirəcəyini gözlədiklərini bildirib.
525.az xəbər verir ki, Leyen Aİ Şurasının sədri Çarlz Mişel ilə keçirdiyi mətbuat konfransında Türkiyədə keçirilən prezident və 28-ci çağırış parlament seçkilərini dəyərləndirməsi ilə bağlı sualı cavablandırıb.
Sədr, Türkiyənin onlar üçün mühüm tərəfdaş olduğunu bildirib: “Bu seçkilərdə fəallığın çox olması həqiqətən də yaxşı xəbərdir, çünki bu, türk xalqının demokratik hüquqlarından istifadə edərək seçkiyə getməyə və səs verməyə qərarlı olduğunu və demokratik təsisatlara dəyər verdiyini göstərir. Bu, dünənki seçkilərin böyük qələbəsidir. Seçkilər hələ də davam edir. İndi ikinci tura baxmaq lazımdır. Bununla bağlı açıqlamaları çox diqqətlə izləyirik. İkinci turun nə gətirəcəyini görməyimiz lazımdır”, - Aİ Komissiyasının sədri bildirib.
Aİ Şurasının sədri Mişel isə seçkilərdə yüksək fəallığa görə Türkiyə vətəndaşlarını təqdir edib. Demokratik ölkələrdə seçki prosesinin əhəmiyyətinə işarə edən Mişel bu prosesin nəticəsini izləyəcəklərini qeyd edib.
Fərid Sançar



