
İtaliya Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani mayın 14-də Türkiyədə keçirilən prezident və parlament seçkiləri ilə bağlı türk xalqının iradəsinə hörmət etdiklərini bildirib. Tajani: "Biz Türkiyənin müstəqil vasitəçiliyinə güvənirik", - deyə bildirib.
525.az xəbər verir ki, İtaliyanın “Il Messaggero” qəzetinə müsahibə verən Tajani beynəlxalq gündəmdəki məsələlərlə bağlı qiymətləndirmələr edib.
Dünən Türkiyədə prezident və ümumi seçkilərin keçirildiyini xatırladan Tajani: "Türk xalqının iradəsinə hörmət edirik. Türkiyə bizim üçün NATO-da Aralıq dənizinin sabitliyi üçün əsas ölkələrdən biri olaraq qalır”, - deyib.
Ukraynada müharibənin və Qara dəniz taxıl dəhlizi razılaşmasının uzadılmaması ilə bağlı suala Tajani: "Bu, düşünmək istəmədiyimiz bir ssenaridir. Yoxsulluq içində olan milyonlarla insanın həyatı risk altındadır. Səhraaltı Afrika və Afrikanın mərkəzində yerləşən ölkələrdə, habelə Sudanda müharibə ilə əlaqədar olaraq, miqrasiya ilə bağlı çox narahatlıq var. Təhlükəli bir prosesin baş verməsi riskini daşıyan böhran yarana bilər”, - deyə cavab verib.
Belə bir vəziyyətdə taxıl və əsas ərzaq məhsullarının çatışmazlığından yaranan qeyri-sabitliyin Avropaya doğru yeni bir köç dalğasına səbəb olacağını qeyd edən Tajani, Qara Dəniz Taxıl Dəhlizi razılaşmasının əhəmiyyətini Birləşmiş Millətlər Təşkilatının (BMT) diqqətinə çatdırdığını bildirib.
Fərid Sançar



