
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “CNN Türk” - “Kanal D” birgə yayımında jurnalistlərin suallarını cavablandırıb və gündəmlə bağlı açıqlamalar verib.
525.az “TRT Haber”ə istinadən xəbər verir ki, seçkilərin birinci turunun nəticələri və keçiriləcək ikinci turun qiymətləndirilməsi ilə bağlı sualı cavablandıran Ərdoğan, mayın 14-də rekord fəallıqla milli iradəni seçki qutusuna əks etdirən bütün vətəndaşlara təşəkkür edib.
Prezident Ərdoğan: "Hər zaman demişəm, yenə deyirəm, biz qalib gələndə bu ölkədə heç kim uduzmayacaq", - deyib.
Seçimindən asılı olmayaraq, seçkiyə gedən hər bir vətəndaşa təşəkkürünü bildirən Ərdoğan Türkiyəyə yaraşan böyük bir demokratiya ziyafəti yaşadıqlarını və bunun dünyada bəlkə də görünməmiş bir hadisə olduğunu söyləyib.
Millətin göstərdiyi yetkinliyin hər cür təqdirdən üstün olduğunu vurğulayan Ərdoğan sözlərini belə davam etdirib: "90 faizə qədər fəallıq oldu. Mən də seçki prosesində əməyi keçən bütün siyasi partiyalar, namizədlər, media və təhlükəsizlik orqanlarından tutmuş bütün dövlət qulluqçularına təşəkkür edirəm. Təbii ki, xalqımız 27 milyondan çox səslə bizə üstünlük verdi. Biz ən yaxın rəqibimizi 2 milyon 520 min səslə üstələdik və 49,5 faizə çatdıq. Parlamentdə millətimiz 322 millət vəkili ilə çoxluğu Cümhur İttifaqına verdi. Qutuda təzahür edən iradə başımız, gözümüz üstədir".
Qoşqar Bəylərov



