
Bu gün Sinan Oğan Türkiyədəki Prezident seçkilərinin ikinci turunda kimi dəstəkləyəcəyini açıqlayıb.
525.az xəbər verir ki, Oğan bu gün keçirdiyi brifinqdə prezident seçkilərinin II turunda "Cümhur İttifaqı"nın namizədi, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini elan edib.
"ATA İttifaqı"nın prezidentliyə namizədi Sinan Oğanın sözlərinə görə, parlamentdə çoxluq qazanan “Cümhur İttifaqı” Prezident seçkilərində də qalib gəlməlidir. O, seçicilərinə Ərdoğana səs verməyə çağırış edib.
Oğan seçki kampaniyası dövründə onu dəstəkləyənlərə, səs verənlərə təşəkkür edib.
Sinan Oğan həmçinin bildirib ki, miqrantlar, zəlzələ və iqtisadi məsələlər Türkiyə üçün vacib məsələlər olaraq qalmaqdadır.
Siyasətçi, həmçinin əlavə edib ki, Türk Dövlətləri Təşkilatı (TDT) daha da gücləndirilməli və onun əməkdaşlıq sahələri genişləndirilməlidir.
Qeyd edək ki, Türkiyə Ali Seçki Kommisiyasının nəticələrinə görə "ATA İttifaqı"nın prezidentliyə namizədi Sinan Oğan seçkinin birinci turunda 5,17 faiz səs toplayıb. O, mayın 28-də keçiriləcək seçkinin ikinci turu öncəsi həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla, həm də “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu ilə görüşüb.
Qoşqar Bəylərov



