
“Prezident seçkilərinin ilk turunda istədikləri nəticəni əldə etmədilər deyə bəzi dairələrin ürəyi yaralı insanlarımıza qarşı nifrət dolu münasibətlərini qınayırıq”.
525.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri və hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan, səsvermədə iştirak edənlərə minnətdarlığını bildirib: “Siyasi mövqeyindən asılı olmayaraq fevralın 6-da baş verən zəlzələdən sonra seçki məntəqələrinə gedərək, seçimini demokratik yollarla edən, öz mövqeyini bildirən bütün vətəndaşlarımıza səmimi qəlbdən təşəkkür edirəm. Seçkidə özünü göstərən iradənizin başımızın üstündə yeri var. Bizim vəzifəmiz ayrı-seçkilik etmədən sizə xidmət göstərməkdir. 21 ildir bunu edirik”.
“Cümhur İttifaqı”nın prezidentliyə namizədi R.T.Ərdoğan vurğulayıb ki, dövlət və xalq həmrəyliyi nəticəsində zəlzələnin yaraları sürətlə sağalır: “Zəlzələ baş vermiş ərazilərdə 910 mindən çox çadır, 117 min konteyner qurmuşuq. Həmçinin 13 min iş yeri açılıb. Hataydakı dövlət xəstəxanası 57 gün ərzində istifadəyə verildi. Oktyabr-noyabr aylarında da, inşallah, sizi yeni evlərinizə qovuşduracağıq. Ümumilikdə 650 min mənzil inşa edəcəyik. Onların 319 mini ilk bir ildə hazır olacaq. Ürəyiniz rahat olsun. Şəhərlərinizə sahib çıxmağa, həyatdan 4 əllə yapışmağa davam edin. Biz yanınızda olacağıq”.
Qeyd edək ki, 14 mayda Türkiyədə həm parlament, həm də prezident seçkiləri keçirilib. Baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. İkinci turda “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparacaq. İlk turda bu namizədlərdən Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb.
Qoşqar Bəylərov



