
İllər əvvəl Azərbaycanda belə bir tendensiya formalaşmağa başladı ki, əgər xəstəlikdən əziyyət çəkirsənsə, dərdinə dərmanı məhz İranda tapacaqsan. Beləcə, insanlarımızın İrana kütləvi axını başladı. Amma ucuz və keyfiyyətli müalicə almaq istəyi ilə İrana üz tutanlar həm pulundan oldu, həm də canından. Məlum oldu ki, bu, sadəcə İran rejiminin təbliğat vasitələrindən biridir və bu əməllərinin arxasında xoş olmayan niyyət dayanır. Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra İran müxtəlif adlar altında ölkəmizə qarşı öz çirkin niyyətlərini həyata keçirməyə çalışıb. Səhiyyə sahəsi də bunlardan biridir. Məntiqlə düşünəndə aydın olur ki, 1979-cu ildən başlayaraq sanksiyalar altında olan bir dövlət və onu idarə edən molla rejimi necə öz səhiyyə sistemini dünya standartlarına uyğun inkişaf etdirə bilər?! Yaxud, insanlarımız kor-koranə şəkildə İran həkimlərinə niyə etibar ediblər? "İranda bütün həkimlərin yüksək peşəkarlığa malik olması" mifi hardan, necə yaranıb?
Bu mifə inananlardan biri Nailə Əliyeva deyir ki, nəvəsi bir neçə aylığında qıcolma (sudurqa) keçirib. Dərhal nə baş verdiyini bilməyiblər və uşaq iflic olub: "Çox həkimə apardıq, dedilər ki, sağalması mümkün deyil. Sonra yaxın adamların məsləhəti ilə İrana üz tutduq. Uşağın müalicəsini boynuna götürən həkim onun sağaldacağına söz verdi. Bankdan kredit götürdük, nəyimiz var idi satdıq ki, təki uşaq sağalsın. Amma müalicənin heç bir xeyri olmadı. Uzun müddət İrana gedib-gəldik. Həkim isə hər dəfə ümid verirdi... Uşaq artıq rəhmətə gedib. Həkim bizi aldatmasaydı, nə uşağa əziyyət verərdik, nə də külli miqdarda borca düşərdik". Belə faktlarla bəlkə də yüzlərlədir. Bütün bunlar isə İranda səhiyyə sisteminin əslində hansı vəziyyətdə olduğunu göstərir.
Başqa bir acınacaqlı fakt isə budur ki, İran həkimlərinin yanlış müalicəsi nəticəsində vəfat edən insanların cənazələri yalnız külli miqdarda pul vəsaiti ödəndikdən sonra ailələrinə verilir.
Onu da qeyd edək ki, Güney Azərbaycan teleqram kanalında İranda azərbaycanlı xəstələri müalicə edən həkimlərin xüsusi xidmət orqanlarının əməkdaşları olması barədə iddialar səsləndirilib. Səs yazısında deyilir ki, Tehranda həkim azərbaycanlıya iynə vuraraq bədəninə virus yeridib. Həmin şəxs iynə vurulduqdan sonra özünü pis hiss etməyə başlayıb, həkim ona vəziyyətinin çox ağır olduğunu, dərhal müalicə olunmalı olduğunu bildirib. Müalicə üçün isə 50 min dollar tələb olunub. Daha sonra xəstəxanaya gələn müəmmalı şəxslər onunla danışaraq bu pulu ödəməsi üçün ona kömək edəcəklərini, lakin qarşılığında onların dediklərini etməli olduğunu, kəşfiyyat məlumatları verməli olduğu deyilib.
Bütün bu baş verənlər "səhiyyə turizmi" adı altında İranda vətəndaşlarımıza qarşı törədilən və ciddi araşdırmalı olan məsələlərdir.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev mövzu ilə bağlı "525"ə şərhində deyib ki, 90-cı illərdə Azərbaycanda səhiyyə sistemi olduqca zəif idi: "Yəni sovet səhiyyə sistemi dağıldı və yeni sistemi qurmaq üçün Azərbaycanın o vaxt nə iqtisadi, nə elmi, nə tibbi potensialı var idi. Təxminən 2010-cu illərə əhalinin aztəminatlı hissəsi müalicə üçün yaxın İrana getməyə başladı və burda həm İran həkimlərinin, həm səhiyyə sisteminin, həm də ola bilsin ki, xüsusi xidmət orqanlarının da xüsusi maraqları vardı. Çox ciddi şəkildə İran səhiyyəsinin həm ucuz, əlçatan, həm keyfiyyətli olmasının təbliğatını aparırdılar. Bir qrup iranlı həkim Bakıya gələrək burada guya humanitar məqsədlə klinikalar açdılar, pulsuz müalicə və müayinələr apardılar, bəzi vasitələri hətta pulsuz paylayırdılar və yaxud çox ucuz verirdilər. Bakıda müayinə etdikləri xəstələrin arasında təbliğat aparırdılar ki, İrana gedin, orda daha ətraflı müayinə, müalicə ediləcəksiniz. Əslində bu, sistemin apardığı bir iş idi və təkcə səhiyyə, tibbi xidmətlə bağlı deyildi. Ondan sonrakı dövrdə artıq İranda "səhiyyə turizmi" adı altında ciddi mafiya formalaşmağa başladı. Sərhədi keçən kimi insanlarımızı taksi xidməti ilə məşğul olan adamlar qarşılayıb ya evlərə, ya ucuz otellərə aparırdılar. Onları öz tanıdıqları klinikalara yönəldirdilər. Əvvəl çox ucuz xidmətlər təklif edirdilər ki, insanlar geri qayıtdıqdan sonra onların reklamı ilə məşğul olsunlar. Amma təbii ki, İranın səhiyyəsinin yüksək səviyyədə olmasından, keyfiyyətindən danışmaq mümkün deyil. Çünki artıq 40 ildən çoxdur ki, orda molla rejimi fəaliyyət göstərir və rejim demək olar ki, bütün dövlətlərin, xüsusilə ABŞ-ın və Avropa dövlətlərinin ciddi sanksiyaları altındadır. Bu sanksiyalara görə onlar müasir tibbi texnologiyalar gətirə bilmirlər, həm də onlara bunu satan yoxdur. Digər tərəfdən isə 70-ci illərin sonlarına qədər iranlı gənclər gedib ABŞ-da, Almaniyada, Fransada, Britaniyada tibb təhsili alırdılarsa, yaxşı mütəxəssis kimi qayıdırdılarsa, indi bu imkanlar da yoxdur. Əksəriyyət İranın öz universitetlərində təhsil alır. Ona görə də İranın səhiyyəsinin yüksək səviyyəsindən danışmağın yeri yoxdur. Bu, ancaq aşağı seqment üçün planlaşdırılmış uzunmüddətli davam edən bir reklam kampaniyası idi".
Deputat əlavə edib ki, İranda müalicə olunanların çoxu Azərbaycana döndükdən bir müddət sonra səhhətlərində ağırlaşmalar baş verirdi, yenidən ora qayıda bilmirdilər, ya da artıq səhhətlərində müsbətə doğru hansısa dəyişikliyin olacağına inanmırdılar: "Öz həkimlərimizlə müalicəni davam etdirirdilər. Digər tərəfdən İrana gedənlərin çoxunu xüsusi xidmət orqanları nəzarət altında saxlayırdı, bir qismi ola bilsin ki, onların toruna düşüb, bu insanlar casusluq və başqa xidmətlərə cəlb olundular. Amma hesab edirəm ki, bunların hamısı arxada qalıb. İranın dövlət kimi də mahiyyəti ortadadır, səhiyyəsinin də keyfiyyətli olmadığı göz önündədir. Azərbaycandan başqa ümumiyyətlə, İrana səhiyyə xidmətləri üçün dünyanın heç bir ölkəsindən müraciət edən olmayıb. Hətta kasıb qonşuları Pakistan və Əfqanıstandan da ora gələn olmayıb. Pandemiyaya görə hazırda sərhədlərimiz bağlıdır, amma düşünürəm ki, sərhədlər açıq olsa belə İrana tək-tük adamlar tibbi məqsədlə gedəcək. Hətta İran həkimlərinin çoxu son beş-altı ildə, yəni pandemiyaya qədər Azərbaycanda iş qurmaq istəyirdilər, lakin onlara burda yer yoxdur. Çünki İran səhiyyəsinin keyfiyyəti artıq Azərbaycan səhiyyəsini qane etmirdi. Bu mənada İran səhiyyəsi bu ölkənin digər sistemləri kimi çökmüş bir vəziyyətdədir. Ora getmək istəyənlər də artıq bunu dərk ediblər. Düşünürəm ki, bundan sonra Azərbaycandan ora gedən də olmayacaq. Amma ən təhlükəlisi yenə də deyirəm ki, İranın bir casus dövləti olmasıdır. Bu casus dövləti istənilən halda insanlarımızı şərləyə, onları çətin vəziyyətə salıb və həmin vəziyyətdən öz xeyrinə casusluq fəaliyyətinə cəlb edə bilər. Bu təhlükəni bizim vətəndaşlarımız anlamalıdır".



