|
|
|
|
Amerika Televiziya Sənətləri və Elmləri Akademiyası Fondunun ölkənin 50 ştatı üzrə keçirdiyi Yaz və yay təcrübə proqramlarına yekun vurulub.
525.az xəbər verir ki, bu münasibətlə avqustun 5-də 11 ştatdan olan təcrübəçilər - gənc mütəxəssislər, Akademiyanın rəhbərliyi və üzvlərin iştirakı ilə Hollivudda ziyafət təşkil edilib.
Ziyafətdə iştirak edən Amerika Televiziya Sənətləri və Elmləri Akademiyasının üzvü, təcrübə proqramlarına seçimlər üzrə münsiflər heyətinin üzvü Kamran Qasımov Akademiyanın üzvləri, Akademiya Fondunun prezidenti Codi Dilani, Akademiyanın sənədli filmlər üzrə qubernatoru Megan Çao, kinorejissor, prodüser Piter Dell ilə görüşüb, fikir mübadiləsi aparıb. Codi Dilani K.Qasımovun Akademiya Fondu ilə fəaliyyətini yüksək qiymətləndirərək, əməkdaşlığın inkişf etdirilməsinin vacibliyini vurğulayıb. Televiziya Akademiyası Fondu gələcək nəsil televiziya mütəxəssislərini cəlb etməklə və onları öyrətməklə televiziya yaratmaq sənətini formalaşdırır.
1959-cu ildə Televiziya Akademiyasının xeyriyyə qolu kimi yaradılan Fond minlərlə istedadlı tələbəni yetişdirərək, onlara öz səslərini kəşf etməyə, bacarıqlarını təkmilləşdirməyə və televiziya sənayesinin hər bir sektorunda faydalı karyera qurmağa kömək edən əsas resursları təqdim edib. Fondun məzunlarına görkəmli yazıçılar, prodüserlər, sənədli aktyorlar, yaradıcı rəhbərlər daxildir.
Qeyd edək ki, Kamran Qasımovun səfəri iş adamı Azər Əsgərovun maliyyə dəstəyi ilə baş tutub.