|
|
|
|
Gəncənin küçə, park və digər yerlərində son dövrlər sayı ciddi şəkildə artmış sahibsiz itlərin gəzib-dolaşması, onların sayının ciddi şəkildə artması və bu halın sakinlər, xüsusən də uşaqlar üçün vahiməli və təhlükəli olması və şəhər həyatını təhdid edən bu məsələnin həlli yönündə şəhərin müvafiq strukturlarının, eləcə də ictimai qurumlarının birgə səyləri haqda “525-ci qəzet”in 8 fevral 2022-ci il tarixli sayında getmiş “Gəncədə sahibsiz itlər probleminin həlli istiqamətində təqdirəlayiq addım” adlı yazımızda bəhs etmişdik.
İndi budur, ikinci şəhərimizin bu narahatedici halətinin qarşısının alınmasına ciddi təkan verəcək bir xəbər: Gəncədə ilk dəfə olaraq, sahibsiz küçə heyvanları üçün “Yuva” hazırdır.
525.az xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin və Kəpəz Bələdiyyəsinin dəstəyi ilə, Gəncə İctimai İştirakçılıq Məclisinin təşəbbüsü üzrə sahibsiz küçə heyvanları üçün inşa edilən sığınacaq istifadəyə verilib. “Yuva” adı ilə fəaliyyətə başlayan sığınacağın tikinti işləri şəhərin Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi tərəfindən həyata keçirilib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sözügedən sığınacağa baxış keçirib, burada canlılar üçün yaradılan şəraitlə yerində tanış olub. Məlumat verilib ki, sığınacaqda ilkin mərhələdə 50 heyvanın yerləşdirilməsi nəzərdə tutulub. Onların qidalandırılanması, baytar müayinə və müalicəsi, həmçinin müvafiq peyvəndlənməsi təmin olunacaq.
Niyazi Bayramov burada görülən bütün işlərin ciddi nəzarətdə saxlanılması üzrə tapşırıq və tövsiyələrini verib.
Sığınacaq Gəncə-Samux yolunda şəhərin Atabəylər prospektində yerləşir. Obyektin mümkün zəruri hallara müvafiq olaraq genişləndiriləcəyi də nəzərdə tutulur.
Zakir Muradov, Gəncə