
Azərbaycanla Özbəkistan arasında xüsusi münasibətlər mövcuddur. İki dövlətin münasibətləri son illərdə daha dinamik xarakter alıb və davamlı olaraq müxtəlif sahələrdə inkişaf etməkdədir. Daha önəmli məqam isə Türk dünyasında mühüm çəkiyə malik olan Azərbaycan və Özbəkistan arasında səmimi dostluq, qardaşlıq münasibətlərinin olmasıdır. Hələ sovet dönəmində iki respublikanın çox yaxın əlaqələri olub, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlər həyata keçirilib. Müstəqilliyin ilk illərində müəyyən səbəblərdən münasibətlərdə bir qədər durğunluq özünü göstərib. Diplomatik münasibətlər də nisbətən gec - 1995-ci ildə qurulub, bir neçə ildən sonra isə qarşılıqlı olaraq səfirliklər fəaliyyətə başlayıb. Ötən il Prezident İlham Əliyevin Özbəkistana səfərləri, Şavkat Mirziyoyevin növbəti dəfə Prezident seçilməsindən sonra ilk səfərini Azərbaycana etməsi, azad edilmiş ərazilərdə olması, qardaş ölkənin Füzulidə inşa etdirdiyi Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışında şəxsən iştirakı, imzalanmış sənədlər münasibətlərimizin səviyyəsinin göstəricisidir. Beynəlxalq platformalarda da iki ölkə bir-birinə hər zaman dəstək verir. Xüsusilə, Daşkənd Qarabağ məsələsində daim Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. 2021-ci il martın 31-də Türk Dövlətləri Təşkilatının videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə Mirziyoyev Azərbaycan xalqını və Prezident İlham Əliyevi Qarabağın işğaldan azad olunması münasibətilə təbrik edib. Münasibətlərin bugünkü səviyyəsi, iki xalqın tarix boyu mövcud olan əlaqələri, liderlər arasındakı şəxsi dostluq münasibətləri Azərbaycan-Özbəkistan əlaqələrinin daha intensiv şəkildə inkişaf edəcəyini əminliklə söyləməyə əsas verir.
Milli Məclisin deputatı Rasim Musabəyov "525"ə deyib ki, Özbəkistan Prezidentinin seçkidən sonra ilk səfərini Azərbaycana etməsi təkcə dövlətlərarası münasibətlərin xüsusi mahiyyətinin deyil, həm də iki lider arasında möhkəm dostluğun göstəricisidir. Deputat deyib ki, ötən il Azərbaycan lideri Özbəkistana üç dəfə səfər edib.
"Ölkələrimiz arasında iqtisadi, mədəni əlaqələr inkişaf edir, aviasiya və dəmir yolu əlaqələri möhkəmlənir. Özbəkistanın ixrac-idxal əməliyyatlarının əhəmiyyətli hissəsi Türkmənistan, Xəzər dənizi, daha sonra Azərbaycan və Gürcüstan vasitəsilə Türkiyə və Avropaya yönləndirilir", - söyləyən R.Musabəyova görə, təhlükəsizlik və hərbi sənaye kompleksi sahəsində əməkdaşlığın gücləndirilməsi də vacib əhəmiyyət kəsb edir. O bildirib ki, Özbəkistan üçün silahlı qüvvələrdə islahatlar, müasir müharibə vasitələrinə və üsullarına yiyələnməkböyük maraq doğurur. Bununla belə, Özbəkistan və Azərbaycan arasında strateji tərəfdaşlıq ikitərəfli münasibətlərin hüdudlarını aşır. Bir neçə onilliklər ərzində türk dövlətləri arasında əməkdaşlığın yaxınlaşması və möhkəmlənməsi əsasən Ankara-Bakı oxundan asılı olub. Azərbaycan ilk olaraq latın qrafikasına keçib, Türkiyə ilə strateji kommunikasiyalar (neft kəmərləri, qaz kəmərləri, dəmir yolu, avtomobil yolları) qurub, ordunu Türkiyə sisteminə keçirib, ən əsası isə hərbi-siyasi ittifaq yaradıb (Şuşa bəyannaməsi). Onun sözlərinə görə, digər türk dövlətləri də bundan nümunə götürüb yaxınlaşmağa başladılar: "Düşünürəm ki, indi Bakı-Ankara oxunu Daşkənd tamamlayır. Bu, son dərəcə vacibdir. Özbəkistan 40 milyon əhalisi ilə Mərkəzi Asiyanın əsas dövlətidir. Bu regionun mərkəzində yerləşir, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Tacikistanla həmsərhəddir. Daşkəndin bütün bu ölkələrlə mehriban qonşuluq münasibətləri var və Prezident İslam Kərimovun dövründə mövcud olan anlaşılmazlıqlar aradan qaldırılıb. Bu baxımdan bizim ikitərəfli münasibətlərimiz çox yaxınlaşaraq müttəfiqlik səviyyəsinə qalxacaq, eyni zamanda üçtərəfli əməkdaşlığımız da türk dünyasının sütununa çevriləcək".
R.Musabəyov əlavə edib ki, Qərbdə Türkiyə, şərqdə Özbəkistan və türk oxunun mərkəzində Azərbaycan türk birliyinin daha da möhkəmlənməsi, türk dövlətlərinin təhlükəsizliyi və rifahı naminə çoxtərəfli əməkdaşlığın dəstəkləyici strukturuna çevrilə bilər və çevrilməlidir.
Deputat Vüqar Bayramov da düşünür ki, iki ölkə arasındakı strateji münasibətlər son illər daha da dərinləşməkdədir. Son 5 ildə tərəflər arasında ticarət dövriyyəsi 4.2 dəfə artaraq 2022-ci ildə 183.3 milyon dollara çatıb. Ölkələr arasındakı ticarət dövriyyəsi son 5 ildə hər il əvvəlki ilə nisbətən artıb. Belə ki, 2018-ci ildə 43.9 milyon dollar olan ticarət dövriyyəsi 2019-cu ildə 81.9, 2020-ci ildə 82.3 və 2021-ci ildə 111.9 milyon dollaradək yüksəlib. Bu da tərəflər arasındakı strateji münasibətlərin inkişaf səviyyəsini göstərən əsas meyarlardan hesab olunur. Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatının üzvləri olaraq tərəflər həm qeyri-enerji, həm enerji sahəsində yeni strateji əməkdaşlıq potensialına malikdirlər: "Azərbaycan Özbəkistan ilə eyni zamanda iqtisadiyyatın fərqli sahələrində əməkdaşlıq edir. Nəqliyyat, logistika, kənd təsərrüfatı ilə yanaşı, birgə sərmayə qoyuluşları da prioritetləşməkdədir. Hər iki ölkə müxtəlif beynəxalq qurumlarda, o cümlədən, Türk Dövlətləri Təşkilatında sıx və məhsuldar əməkdaşlıq formalaşdırıb".
Deputat deyib ki, Özbəkistanın Füzuli şəhərində müasir standartlara uyğun orta məktəb inşa etməsi tərəflərin həmçinin, humanitar və digər istiqamətlərdə də əməkdaşlığından xəbər verir: "Dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri ölkələr arasında münasibətlərin inkişafına xüsusi təkan verir. Bu baxımdan, Özbəkistan Prezidentinin Azərbaycana səfəri də münasibətlərimizin daha da dərinləşməsinə töhfə verəcək. Türk dövlətləri arasındakı strateji münasibətlər inkişaf edir və daha da dərinləşir. Bu, Azərbaycan-Özbəkistan münasibətlərində özünü bir daha təsdiq etməkdədir".
PƏRVANƏ



